ABŞ-ın ehtiyatları rekord həddə çatdı, neft sürətlə ucuzlaşır

ABŞ-ın neft ehtiyatlarının artması birjalarda "qara qızıl"ın qiymətini 2 dollardan çox ucuzlaşdırıb. Ehtiyatların həcminə dair hesabat açıqlanan ərəfədə "Brent" markalı neftin bir bareli 55,75 dollar olub, hesabat açıqlandıqdan sonra qiymət 53,55 dollar səviyyəsinə enib.

 

Analoji tendensiya Qərbi Texas neftinin qiymətində də müşahidə olunur. Hesabat ərəfəsində 52,85 dollardan təklif olunan WTİ nefti hazırda 50,60 dollardan satılır.

 

Amerika Neft İnstitutunun açıqlamasına görə, ötən həftə ərzində ABŞ-ın neft ehtiyatlarının həcmi 11,6 milyon barel artıb. Analitiklər həftə ərzində artımın 1,4 milyon barel artacağını proqnozlaşdırırdı. Ehtiyatların proqnozlardan 10 dəfə çox artması neftin qiymətini darmadağın edib və paralel olaraq OPEK-in hasilatı azaldaraq qiymətləri bahalaşdırmaq siyasətinin effektini şübhə altına salıb. Hazırda ABŞ-da hasil olunmuş neft ehtiyatlarının həcmi rekord həddə - 529,6 milyon barelə çatıb.

 

Neftin ucuzlaşmasına təsir göstərən digər amil də Amerika mənşəlidir. Federal Ehtiyat Sisteminin gələn həftə faiz dərəcəsini artıracağına dair gözləntilər dolların digər valyutalara qarşı möhkəmlənməsinə səbəb olub. Dollar və neftin dəyəri tərs mütənasib olduğundan "qara qızıl" bahalı dollar qarşısında dəyər itirir. Hazırda ABŞ dollarının indeksi 0,12 faiz artaraq 101,93 bənd təşkil edir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR