Şəkidə 50 yaşlı kişiyə ayı hücum etdi

Şəkidə mal-qara axtarmağa gedən kənd sakinini  ayı dişləyib. Rayonun Baş Zəyzid kənd sakini, 50 yaşlı Məmməd Məmmədov sağ ayağının baldır nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, ona dağlıq-meşəlik ərazidə ayı hücum edərək, sağ ayağının baldır nahiyəsindən dişləyib. Xəstəxanada Məmməd Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Ayı hücumuna məruz qalan Məmməd Məmmədov qohumu Vahidin Mehdiyevin köməyi ilə xəstəxanaya çatdırılıb. Qohumunun dediyinə  görə, Məmməd, oğlu  və özü yaşadıqları kəndin yaxınlığında, Məmmədin evindən təqribən 100 metr aralıdakı dağlıq  ərazidə itmiş iribuynuzlu heyvanı axtaran zaman, qəfildən peyda olan ayı Məmmədə hücum edib. Vahidin və Məmmədin oğlunun səs-küy salmasından qorxan ayı Məmmədin ayağını buraxaraq ərazidən uzaqlaşıb.

 

Məmmədin və qohumunun dediyinə görə, bu, kənddə baş verən ilk belə hadisə deyil. Bundan əvvəl də bir neçə dəfə oxşar hadisələr olub. Ümumiyyətlə kənddə tez-tez mal-qaraya ayıların hücum çəkdiyini deyirlər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR