Cəlilabadda həyətyanı sahələri su basdı

Son günlər qar və qrunt suları Cəlilabadda həyətyanı sahələrə dolmaqla bir sıra çətinliklər yaradıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, problem daha çox Ocaqlı kəndində müşahidə olunur.

 

Qarın sürətlə əriməsi, eləcə də qrunt suların üzə çıxması kəndin bəzi ərazilərində vəziyyəti bir qədər çətinləşdirib. Həyətyanı sahələrdə yığılıb qalan suların dərinliyi 40-50 santimetrə çatıb. Bu da sakinlərin narahatlığına səbəb olub.

 

Qrunt sularının səviyyəsinin artması təsərrüfat sahələrinə də ziyansız ötüşməyib. Bəzi fərdi yaşayış evlərin həyətləri su altında qaldığından, bağ-bostana ziyan dəyib. Kənd sakinlərinin sözlərinə görə, nisbətən çökək yerlərdə olan həyətyanı sahələrdə suyun səviyyəsinin hər gün daha çox qalxması yolları da suyun altında qoyur. Bu da piyadaların hərəkətində çətinlik yaradır.

 

Bəzi yerlərdə suyun quş damlarına dolması ev quşlarının tələf olmasına gətirib çıxarıb. Hazırda aidiyyəti qurumlar tərəfindən suyun nasoslarla ərazidən çəkilərək qurudulması istiqamətində lazımi tədbirlər görülür.  

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR