Mehriban Əliyeva: "Həyatda hər zaman sadə prinsiplərə arxalanmışam"

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, görə, iclasda Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edib.

 

Spiker Oqtay Əsədov Mehriban Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O bildirib ki, Mehriban xanım 12 ildir deputatdır:

 

“O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb. Mehriban Əliyeva beynəlxalq aləmdə də fəal olub”.

 

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva iclasda çıxış edərək qeyd edib ki, prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı əsasında yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar Azərbaycan Milli Məclisində fəaliyyətini dayandırır:

 

“Mən 10 ildən artıq parlamentin üzvü olmuşam. Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəf idi. Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi  formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsi millət vəkillərinin birgə səyi nəticəsində hazırlanıb, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir. Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim işgüzar ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var".

 

Deputatı olduğu Xəzər rayonunda 2005-ci ildən bu günə qədər aparılan işlər haqqında məlumat verən M.Əliyeva deyib ki, bu müddət ərzində Xəzər rayonunda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa edilib və əsaslı təmir olunub. M.Əliyeva Milli Məclisdə təmsil olunduğu müddət ərzində bir sıra təklif və təşəbbüslə çıxış etdiyini diqqətə çatdırıb:

 

"Humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013, 2016-cı illərdə irəli sürdüyüm Amnistiya aktlarının qəbul edilməsi ilə bağlı təşəbbüsüm həmkarlarım tərəfindən  daim dəstəklənib. Bu qərarlar əsasında ümumilikdə 39 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləyən, on minlərlə insana azadlıq bəxş edən deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək, bu xoş ənənə davam edəcək. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib”.
 

M.Əliyeva bildirib ki, bütün çıxışlarında Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal olunmasını, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb:

 

"Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən hər zaman həyatda sadə prinsiplərə arxalanmışam. Vicdan, ləyaqət, mərhəmət, xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam. Mən deputatlarımızın hər birinə möhkəm cansağlığı, şəxsi həyatında xoşbəxtlik, işlərində uğurlar arzulayıram. Ümidvaram ki, əməkdaşlıq gələcəkdə də davam edəcək. Tanrı hər zaman Azərbaycanı qorusun!"

 

İclasda bir sıra millət vəkilləri Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar diləyiblər.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR