8 Martı işdə qarşılayan qadınlar - REPORTAJ

Bu gün həm də onların günüdür. Bayramda, tətildə, hətta həftə sonlarında belə iş başında olan qadınların. O qadınlar ki, işləri başqa xanımları məmnun etməyi  bacarmaqdır.

 

Şöhlət Qasımova əslən Cəbrayıl rayonundandır. 25 ildir ailəsi ilə birgə Bakıda məskunlaşıb. Çörəyi dərzilikdən çıxır, nə az-nə çox - düz 20 ildir dərzi işləyir. Deyir lap uşaqlıqdan bu sənətə həvəsi olub. Peşəsini çox sevir, ona görə də işin çoxluğundan narahat deyil. Şöhlət xanım bütün bayramları çox vaxt iş başçında keçirib. Bu isə onun məşğul olduğu sənətin özəlliyi ilə bağlıdır. Əvvəl daha çox sifariş aldığını deyən Şöhlət xanım deyir ki, 8 Mart - Beynəlxalq Qadınlar günü və digər bayramlarda da qadınlar evdə olduğundan, ona müraciət edənlərin sayı daha çox olur: "Bayram günü hərdən istirahət etmək istəyirəm, amma üzərimdə işin məsuliyyəti var axı. Götürdüyüm sifarişləri vaxtlı-vaxtında təmin etməliyəm ki, müştərilərim narazı qalmasın. Məsələn, xanımlar 8 Mart qabağı geyimlərini yeniləməyə üstünlük verir, evlərinin pərdə və tüllərini dəyişir, istəyirəm işimlə onları məmnun edim".

 

Müsahibimiz bayram günü bəzən müştərilərinin onu iş başında təbrik etdiyini də gizlətmir. Ömrünün ən yadda qalan təbrikini isə belə xatırlayır: "Övladlarım məktəbli idilər. Mən də, yoldaşım da işsiz idik. Ancaq onlara yol xərci ödəyə bilirdik. Oğlum bizdən aldığı yol xərcliyinin bir hissəsi yığır ki, məni bayramda təbrik etsin. Gül alır, amma buket bağlatdırmağa pulu çatmır. Evə gələndə görür ki, kimsə bir buket gülü yola atıb. O da yerdən buketi götürüb, orda olan gülləri kənara qoyur. Həmin buketə aldığı gülləri əlavə edib mənə gətirmişdi. Mən də çox narahat oldum ki, axı sənin pulun yoxdur bahalı buket almağa. O da hadisəni anlatdı. Bir ana üçün övladlarının onu düşünməsindən önəmli nə ol bilər ki?"

 

Kifayət xanım da iyirmi ildir bayramı iş başında qeyd edir. Qadın qiyafətləri satır: "20 ildir bu bazardayam. Narazı da deyiləm işimdən. Özümə işləyirəm də, xanım. İstəsəm, evdə də otura bilərəm, amma deyirəm ki, bayramda alış-veriş fərqli olur nisbətən, ona görə də gəlirəm. İşimizin bərəkəti var, az da olsa, özümüzün daimi müştərilərimiz var. Mənim işim elə xanımlara qulluqdur".

 

Kəmalə xanım da bazarda çalışır. Meyvə-tərəvəz satır. Uzun illərdir bayram, istirahət nədir bilmir: "Uzun illərdir burdayam. Məcburam çıxıram işə. Neyləyim, çörək qazananım yoxdur axı. Məcburiyyətim olmasa çıxmaram. Məncə, yaxşı gündə məcbur olmayan adam işləməz. Məni də ilk oğlum və gəlinim təbrik edir. Oğlum bu gün dedi işə çıxma, dedim ki, mallarım çürüyər çox qalsa".

 

Suğra ananın bu ilin 8 martında 58 yaşı tamam olsa da, iş başında idi: "17 ildir meyvə-tərəvəz satıram qızım. Bayramları da bazarda keçirirəm. Oğlum, qızım məni həmin gün səhər tezdən təbrik edirlər. Axı həm də ad günümdür 8 mart da".

 

Fatimə xala da əslən Zaqataladandır. On iki ildir dolanışıq üçün Bakıya gəlib. Bazarda sellofan paketlər satır. Gün ərzində 3-4 manatlıq alış-veriş edir: "12 ildir Bakıdayam. Bayram günü evdə oturum nə edim? Deyirəm gedim heç olmazsa, 1-2 manat çörək pulu qazanım".

 

Kameramızın obyektivinə yol süpürən, hətta yeşik daşıyan qadınlar belə tuş gəldi. Danışmaq istəmədilər.

 

Gültəkin Əsgərli deyir ki, bayram günü xanımların daha çox gözəllik salonlarına üz tutduğunu nəzərə alsaq, saç və makiyaj ustaları da demək olar ki, iş başında olurlar: "Hər il bu gün iş başında müştərilərimizin xidmətindəyik. 8 Mart hər kəs üçün xoş gündür. Kimi nişanlısı, kimi ailəsi, kimisi tədbirlər üçün bəzənir. Hamı gözəl görünmək istəyir. Artıq altı ildir bu işdəyəm, dayanmadan da işləyirəm".

 

Peşəsindən, sənətindən asılı olmayaraq, bütün xanımları təbrik edirik. Xoşbəxt və sağlam olun!

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR