Prezident: "İnsanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır"
Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.
APA TV-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya yeni səhiyyə müəssisəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır. Bu tibb müəssisəsi də ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlarla təchiz edilib.
Dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya məlumat verilib ki, cərrahiyyə əməliyyatından sonra xəstələrin müalicəsi davam etdiriləcək. Yeni mərkəzdəki çarpayıların sayı 100-ə, həkim otaqlarının sayı isə 35-ə çatır.
“Ürək Mərkəzi” ilə tanış olan dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu səhiyyə müəssisəsinin kollektivi ilə görüşüblər.
Azərbaycan prezidenti İlham Əliyev görüşdə çıxış edib:
- Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində yeni “Ürək Mərkəzi”nin açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl mərkəzdir. Ən müasir standartlara cavab verir. Deyə bilərəm ki, dünya səviyyəsində ən yüksək qiymətə layiq olan bir mərkəzdir. Həm bunun tikintisi, həm daxili dizaynı, əlbəttə ki, avadanlığı, müasir texnologiyalar, hər şey burada ən yüksək səviyyədə təşkil olunub.
Son illər ərzində Azərbaycanda səhiyyə sahəsində çox böyük işlər görülüb, 600-dən çox xəstəxana, tibb obyekti əsaslı təmir olunub, yenidən tikilib. Demək olar ki, bütün rayonlarımızda ya yeni tikilən, ya da əsaslı təmir olunan xəstəxanalar yaxşı xidmət göstərir. Demək olar ki, biz səhiyyə sahəsinin maddi-texniki bazasını artıq yaratmışıq. İndi Azərbaycanda ən mürəkkəb əməliyyatlar aparılır və bu gün bizim səhiyyə sistemimizin həm maddi-texniki təminatı, həm də keyfiyyəti böyük dərəcədə artır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Xüsusilə Dünya Səhiyyə Təşkilatı bizdə bu sahədə görülən işlərə yüksək qiymət verir. Statistik göstəricilərdə də bu, özünü göstərir, insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır. Bu, səhiyyə sisteminin əsas göstəricilərindən biridir.
Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva kollektivə uğurlar arzulayıblar. Sonda xatirə şəkli çəkdirilib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA