Azərbaycan prezidenti Böyük Britaniya xarici işlər nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev martın 6-da Böyük Britaniya xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV xəbər verir ki, dövlət başçısı Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlərin çox əhatəli olduğunu və əlaqələrimizin genişləndiyini qeyd edib.

 

Prezident İlham Əliyev ölkələrimizin enerji sektorunda çox yaxşı əlaqələrə malik olduğunu bildirib, Azərbaycanın BP şirkəti ilə 25 ilə yaxın vaxt ərzində əməkdaşlıq etdiyini vurğulayıb. Dövlət başçısı BP-nin ölkəmizin enerji sahəsində əsas strateji tərəfdaşı olduğunu qeyd edərək, bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin son vaxtlar ölkəmizin qeyri-neft sektoruna daha çox maraq göstərdiklərini deyib, bunun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uyğun gəldiyini və gələcəkdə ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracağını bildirib.

 

Böyük Britaniya xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonald Azərbaycanla Böyük Britaniya arasında əldə edilmiş razılaşmalara əsasən çoxlu Britaniya şirkətlərinin ölkəmizə sərmayə qoyuluşuna cəlb olunduğunu vurğulayıb.

 

Görüşdə Azərbaycanda son illər həyata keçirilən islahatlar, təhsilə göstərilən yüksək qayğı, işsizliyin və yoxsulluğun azaldılması, sosial məsələlərin həlli istiqamətində görülən işlərdən danışıldı, neftin qiymətinin aşağı düşməsinin şaxələndirmənin sürətlənməsinə təsiri, ölkəmizin beynəlxalq aləmdə mövqeyi və Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən verilən qiymət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR