Kollegiya sədri: "Polislər plan doldurur, Azərbaycanda həbs olunan hər 7 nəfərdən biri..."

"Azərbaycanda həbs olunanlardan 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham olunur". 


APA-nın məlumatına görə, bunu Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov deyib.

 

O bildirib ki, hakimlər bu cür məsələlərdə diqqətli olmalıdır. "Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Bu gün azadlıqdan məhrumetmə cəzası çəkənlərin 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur. Üç gün əvvəl 65 məhkum bizə müraciət edib. Onlar da fərmanları oxuyur, görürlər ki, prezidentin mövqeyi məhkumların vəziyyətinin humanistləşməsinə yönəlib. Onlar xahiş edir ki, azad olunmalarına yardım göstərilsin. Bəziləri bildirir ki, qanunsuz yerə məhkum olunublar. Biz də baxılmış işləri təhlil edəndə, görürük ki, polislər yenə də plan doldurmaqla məşğuldur. Cinayət təqibi orqanlarını başa salmalıyıq ki, belə olmaz. Narkomandırsa, narkotik dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb olunsun. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və həmişə “kalpak” altında saxlanılırsa ki, lazım olanda həbs olunsun, bu düzgün deyil. Hakimlər buna diqqətlə yanaşmalıdır. Qanunsuz azadlıqdan məhrum etmə hallarına yol verilməməlidir. Əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş var. Bəraət hökmləri var və bu alqışa layiqdir. Lakin hakimlər hər zaman cəsarətli olmur. Qanunsuz, əsassız hökm çıxarmaq olmaz. Hökm əsaslı çıxarılmalıdır", - deyə kollegiya sədri qeyd edib. 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR