"Oxucularımızın nə istədiyini bilirik" - 10 yaşlı APAsport-dan REPORTAJ

Azərbaycanın ilk idman agentliyi olan APAsport agentliyinin fəaliyyətə başlamasından 10 il ötür.

 

APA TV-nin məlumatına görə, 2007-ci ildə yaradılan agentliyin kollektivi Azərbaycan və dünya idmanının müxtəlif sahələrini əhatə edən xəbərləri ən operativ şəkildə çatdırmaq üçün çalışır.

 

Yarandığı ilk ildə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən APAsport oxuculara idman sahəsinin aparıcı simaları ilə eksklüziv müsahibələr, nüfuzlu yarışlardan maraqlı reportajlar, foto və videomateriallar və araşdırma yazıları təqdim edir.

 

Agentlik əməkdaşlarından Tahir Hümmətov üçün idman bir işdən daha çox zövq aldığı sahədir: "Çalışırıq ki, dünyada və Azərbaycanda baş verən ən son idman yeniliklərini oxucuların istədiyi kimi onlara çatdıraq. Digərlərindən fərqimiz budur ki, biz oxucularımızın nə istədiyini bilirik".

 

Tengiz Məmmədov 3 ilə yaxındır APAsport ailəsinin üzvüdür. Onu bu sahəyə idmana olan hədsiz marağı gətirib: "İnsan üçün işlədiyi yer doğma olmalıdır. Yəni orada istilik hiss etməlisən. Burada kollektiv arasında həqiqətən də gözəl münasibət var".

 

APAsport gecə saatlarında da fasiləsiz rejimdə çalışır. Bu işə Zaur Xudiyev nəzarət edir: "Bir vaxtlar oxucusu olduğum saytla hazırda əməkdaşlıq etmək çox xoş bir hadisədir. İkinci ən əsas məsələ də odur ki, mən burada idman mətbuatında saç ağartmış insanlarla, ən önəmlisi peşəkar adamlarla bir yerdə çalışıram".

 

Agentlik fəaliyyət göstərdiyi dövrdəki uğurlarına görə bir sıra mükafatlar alıb.

 

Ruslan Sadıqov agentliyə 13 il işlədiyi yerli qəzetlərdən birindən, öz dili ilə desək, 2014-cü ilin dekabr ayında transfer olunub: "Qəzet fəaliyyətindən sonra özümü onlayn mediada sınamaq istədim. Çox uğurlu oldu bu sınaq. Üç ilə yaxındır eyni kollektivdə çalışırıq, heç bir dəyişiklik olmayıb. Bu da sevindirici haldır".

 

Vüqar Xeyrullayev 9 ildir burada fəaliyyət göstərir. Deyir ki, şansı marağında olduğu sahədə işləməsi ilə gətirib: "Düşünürəm ki, bu 10 ildə müəyyən uğurlar qazanmışıq ki, ən böyük uğurumuz da oxucularımızdır. Bu tempdə də davam etməyə çalışacağıq".

 

Dünya idmanında yaşanan maraqlı hadisələrin operativ şəkildə oxuculara çatdırılmasında Tərcümə redaksiyasının əməkdaşı Neymət Mütdəlibov APAsport-un köməyinə gəlir: "Çox yaxşı kollektivimiz var. Birlikdə, mehriban işləyirik. Hamıya da böyük uğurlar arzulayıram".

 

Agentliyin baş direktoru İxtiyar Əsgərov "APA Holding"də fəaliyyətə 2004-cü ildə müxbir olaraq başlayıb. Yubiley günündə onun kollektivə arzuları da elə jurnalistsayağıdır: "2004-cü ilin noyabrında APA-da mən müxbir kimi başlamışam. Dörd nəfərlə başlamışıq: Mehman Süleymanov, Kənan Həsənov, Elşən Məmmədov və Aqşin Əliyev. Kollektivə nə arzulayıram? Daim xəbərləri bol, eksklüzivləri çox olsun".

 

Həmkarlarımızı ürəkdən təbrik edir, bol oxucu auditoriyası və yeni nailiyyətlər arzulayırıq.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR