Mədət Quliyev: "900-dək Azərbaycan vətəndaşı Suriya və İraqda..."
Son dövrlər Azərbaycana yaxın ərazilərdə, habelə Mərkəzi Asiya, İraq, Suriya, Əfqanıstan və Türkiyədə dini radikalizm geniş vüsət alıb.
APA TV-nin xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda bildirib.
Konfrans Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Gənclər Fondu, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdən əvvəl iştirakçılar sərgi salonunda DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaq və yeniyetmələrin “Biz terrora yox deyirik!” mövzusunda rəsmlərlə tanış olublar.
Mədət Quliyev qeyd edib ki, bu gün “İŞİD”, “Əl-Qaidə” kimi terror təşkilatları qlobal sülhə böyük təhlükə yaradırlar: “Mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan Cənubi Qafqazda ən sabit ölkədir. Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub”.
DTX rəisi bildirib ki, onlardan çoxu döyüşlər zamanı öldürülüb: "Son iki ildə onlardan 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib".
Erməni radikalizminə toxunan Mədət Quliyev qeyd edib ki, ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev isə deyib ki, həssas regionda yerləşən, ərazisi işğal edilən, mühüm transmilli enerji layihələrinin təşəbbüskarı olan Azərbaycanın inkişafı, ölkədəki sabitlik və təhlükəsizlik dünyaya bir nümunədir.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Fuad Muradov və başqaları da çıxış ediblər.
Sonda konfrans iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA