Tərtərdə quzular kütləvi şəkildə tələf olur

Tərtərdə xırdabuynuzlu heyvanların kütləvi ölümünə səbəb olan xəstəlik yayılıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Çaylı kəndində məskunlaşan şuşalı məcburi köçkün ailələrinin təsərrüfatlarında xeyli sayda qoyun tələf olub.

 

Qara Şahvələdov deyir ki, 2 aydır heyvanlara düşən sarılıq xəstəliyi səbəbindən 50 başdan çox heyvan tələf olub: "Baytarlara müraciət etmişik. Gəlib 2 dəfə iynə vurublar, amma xeyri yoxdur. İndi üçüncü dəfə iynə vurulacaq.  Daha çox quzularım tələf olub. Xəstəlik birinci mənim heyvanıma düşdü. Birinci iynəni də mən vurdurdum deyə, qoyunlarımın hamısının  quzusu tələf oldu".

Kənd sakini Dağıstan Şahvələdov da vəziyyətdən narahatdır: "Sarılıq xəstəliyi ilə əlaqədar mənim 16 baş heyvanım tələf olub. Vaksinasiya olur, amma heç bir xeyri yoxdur, ölüm dayanmır".

 

Rayonun baytar həkimləri xəstəliklə mübarizə aparsa da, müsbət nəticə yoxdur. Xəstəliyin bu vəziyyətə çatmasına səbəb isə lazım olan dərman preparatlarının nə baytarlıq apteklərində, nə də rayon Baytarlıq İdarəsində olmamasıdır. Baytar Şahid Müseyibov mikrobun torpaqda olması və kəndin otlaq sahələrində günü-gündən çoxalan gəmiricilər xəstəliyin miqyasını genişləndirən əsas səbəbdir. Şəraitsizlik ucbatından isə ikili müalicə aparmaq mümkün deyil. Xəstə və sağlam heyvanların eyni yerdə saxlanması, eyni əraziyə örüşə çıxarılması problemin aradan qaldırmasını daha da çətinləşdirir. Peyvənd işləri aparılsa da, onların tam sağalmasında istifadə olunacaq və ən vacib hesab olunan Serum preparatının tapılmaması heyvanların tələf olmasına səbəb olur: "Xəstə heyvanlar qoyundan seçilib ayrılmalıdır. Xəstə heyvanlara Serum vurulmalıdır. Bunu isə nə heyvan sahibləri, nə də rayon Baytarlıq İdarəsi tapa bilir".

 

Tərtər rayon Baytarlıq İdarəsindən APA TV-yə bildirilib ki, yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə məlumat verilib. Yaxın günlərdə baytar həkim briqadası Çaylıya gələcək. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR