ABŞ və Rusiyadan gələn xəbərlər nefti ucuzlaşdırdı

ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının rekord həddə çatması birjalarda şok effekti doğurub.

 

APA TV-nin xəbərinə görə, dünən axşam açıqlanan rəsmi statistikaya əsasən, ötən həftə ərzində Birləşmiş Ştatların neft ehtiyatlarının həcmi 1,5 milyon barel artıb. Ölkədə sutkalıq hasilat 9 milyon barelə çatıb, sonuncu dəfə bu cür göstərici ötən ilin aprelində qeydə alınıb.

 

Amerikadan gələn xəbərlərlə yanaşı, Rusiyada gündəlik hasilatın həcminə dair açıqlamalar da neftin ucuzlaşmasına təsir göstərib. OPEK-lə əldə olunan razılaşmaya əsasən, Rusiya sutkalıq hasilatı 300 min barel azaltmağa boyun olsa da, ölkədə neft hasilatı əvvəlki səviyyədə qalıb. Hazırda Rusiyada gündəlik 11 milyon barel neft hasil olunur.

 

Bu amillər neftin qiymətinə mənfi təsir göstərib. Birjalarda “Brent” neftinin bir bareli 55,60 dollardan satılır, WTİ nefti isə 52,66 dollara təklif edilir.

 

ABŞ-ın neft ehtiyatlarının artması amilinin bazara nə müddətə təsir edəcəyi bu gün dəqiqləşəcək. Ekspertlərin əksəriyyəti düşünür ki, əvvəlki həftələrdən fərqli olaraq bu neqativ təsir həftənin son hərraclarına kimi davam edəcək.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR