ADA Universitetində 5-ci Karyera yarmarkası keçirildi

ADA Universitetinin Karyera Mərkəzi 5-ci Karyera yarmarkasını keçirib.

 

Yarmarkada məşğulluq bazarında təmsil olunan 80-dən çox hökumət, qeyri-hökumət və fərdi təşkilatlar və şirkətlər iştirak edib.

 

Sərgidə biznesin təşkili və idarə edilməsi, ictimai siyasət və idarəetmə, beynəlxalq münasibətlər və diplomatiya, informasiya texnologiyaları və kompüter mühəndisliyi, kompüter elmləri və sistem mühəndisliyi və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

 

ADA Karyera Mərkəzinin rəhbəri Gülnur İsmayıl sərgi ilə bağlı fikirlərini bölüşüb: "Biz artıq bir neçə ildir ki, tələbələrimizə bu cür xidmət göstəririk. Onların karyera hazırlığı üçün müəyyən tövsiyələr verir, hazırlıqlar keçiririk. Karyera sərgisinin keçirilməsində məqsəd odur ki, tələbələr birbaşa şirkətlərlə təmasda olsunlar, iş bazarı haqqında məlumatlar alsınlar və öz istiqamətlərini seçsinlər".

 

Yarmarkada təmsil olunan şirkətlərdən biri də "Gilan Holdinq"dir. Şirkət heç bir təcrübə tələb etməyən real iş yerləri təklif edir.

 

"Gilan Holdinq"in təmsilçisi Vüsal Muradov təklif etdikləri vakansiyalar barədə fikirlərini bölüşüb: "Bilirsiniz ki, "Gilan Holdinq" böyük bir şirkətlər qrupudur. Bizim kifayət qədər vakansiyalarımız olur və onların içərisində tələbələrə müvafiq vakansiya sayı çoxdur. Bu, bizim koprorativ məsuliyyətimizdir ki, tələbələrə həmişə imkanlar yaradırıq ki, bizim şirkətdə işlə təmin olunsunlar, təcrübə proqramları keçsinlər".

 

ADA Universitetində bu günə qədər məzun olan gənclər arasında məşğulluq göstəricisi 84 faiz təşkil edir. Tələbələrin əksəriyyəti iş təkliflərini məzun günündən əvvəl alır.
Sonra ADA-da pulsuz təhsil alacaq 107 əlaçı təqaüdçü-tələbələrin təltifetmə mərasimi keçirilib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR