Azərbaycan Ordusu düşmənin istənilən obyektini məhv edə bilər - EKSPERTLƏR
"Ermənistan hakimiyyəti cəbhə bölgəsində gərginliyi artırmaqla, sanki Azərbaycanı təxribata çəkmək istəyir". APA TV-nin məlumatına görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
E.Şahinoğlu deyib ki, cəbhədəki provokativ addımları ilə işğalçı rejim diqqəti Ermənistan daxilindəki ağır siyasi, iqtisadi və sosial böhrandan yayındırmaq istəyir: "Amma əbəs yerə bu cür siyasətə baş vururlar. Onsuz da Azərbaycanın da siyasəti dəyişib. Bunu Ermənistan hakimiyyəti də bilir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər Ermənistan ordusu özünü rahat hiss etməyəcək. Dövlət başçısının da fikri var ki, Ermənistan hərbçisinin Dağlıq Qarabağda nə işi var? Bu o deməkdir ki, ermənilərin Dağlıq Qarabağ ətrafındakı bütün postları, canlı qüvvəsi və hərbi texnikası hədəfdə olacaq. Necə ki hədəfdədir. Bu itkilər Ermənistana çox baha başa gəlir və itkiləri də gizlətməyə çalışırlar".
Cəbhədə yaşananların region üçün təsirlərinə də toxunan politoloq münaqişənin yenidən alovlanacağı təqdirdə Şimali Qafqaz regionunda vəziyyətin gərginləşməsinin mümkün olacağını bildirib.
Hərbi ekspert Üzeyir Cəfərli Azərbaycanın artıq işğal faktoruna dözmək niyyətində olmadığını vurğulayıb: "Sözsüz ki, Azərbaycan tərəfindən uzun müddət biz kifayət qədər səbir və dözüm nümayiş etdirdik. Bundan sonra bir bu qədər də gözləmək fikrimiz yoxdur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərdə də biz görürük ki, ən müasir silahlarla silahlanmış Azərbaycan Ordusu düşmənin hansı dərinliyində olursa-olsun onun istər qərargahını, istərsə də digər strateji obyektlərini məhv etmək gücündədir".
Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin fikrincə, cəbhə xəttində törətdiyi təxribatlar və aldığı zərbələr Ermənistan ordusunu iflic vəziyyətinə salıb: "Ermənistan ordusu işğal olunmuş torpaqları işğal altında saxlamağa qadir olduğunu öz havadarlarına çatdırmaq istəyir, son zamanlar ancaq məğlubiyyətlərə düçar olur, bizim ordumuz tərəfindən Ermənistan ordusuna ancaq sarsıdıcı zərbələr endirilir və Ermənistan ordusunun şəxsi heyəti daha ağır depreSsiyaya düşür. Şahid olurlar ki, işğal olunmuş ərazilər onların əlində qalmayacaq. Onlar Azərbaycan ordusunun qarşısını ala bilməyəcəklərinə tam əmindirlər".
Polkovnik bildirib ki, ordumuz öz qüdrəti sayəsində Ermənistanın bütün təxribatlarının qarşısını bundan sonra da qətiyyətlə alacaq.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA