Bu xalçanın sahibini axtarırıq, bizə kömək edin! - REPORTAJ

Gördüyünüz bu xalçalar Qarabağ bölgəsinə xas olan xalçalardır. Müharibə dövründə evləri talan edən ermənilər bu xalçaları Amerikaya aparıblar. Bu günlərdə talançı ermənilər xalçalarımızı Los-Ancelesdə "Antik Ermənistan Qarabağ Xalçası" adı altında açıq hərraca çıxarıblar.  

 

Orada yaşayan həmyerlimiz bu barədə məlumat əldə etdikdən dərhal sonra həmin xalçaları almaq qərarına gəlir. Bu barədə Lent. Az İnformasiya Agentliyinə oxuculardan biri məlumat verib.

 

Məsələni gündəmə gətirən jurnalist Vüsalə Məmmədova 25 ildə ilk dəfə işğal altında olan ərazilərimizdən oğurlanmış bir maddi-mədəni irs nümunəsinin ortaya çıxmasına çox sevinir: “Bu, bizə çox xoş oldu. 25 il ərzində ilk dəfə idi ki, o torpaqlardan bir əşya gəlib çıxıb. Biz dərhal araşdırmaya başladıq.  Xalça Los - Ancelesdə hərraca çıxarılıb. Bir erməni hərraca çıxararaq satmaq istəyib. Onu bir azərbaycanlımız, soydaşımız alıb. Hərracda xalçanın ilkin qiyməti 300 dollar cuvarında qiymətləndirilib. Yekunda isə hərracda 850 dollara satılıb”.

 

Həmyerlimiz xalçanın ermənilərə məxsus olmadığını üzərində Azərbaycan dilində yazılan yazıdan anlayıb: “Elşad bəy Qarabağ mövzusuna çox həssaslıqla yanaşır. Qarabağ sözü yazıldığı üçün, xalçanın rəsminə klikləyib, sonra xalçanın üzərində Azərbaycan dilində yazı olduğunu görüb. Deyir ki, hətta dialoqa girmədən bazarlığa getmədən xalçanı aldım. Məlumdur ki, bu xalça ermənilər işğaldan sonra evlərimizi talan edərkən orada əldə etdikləri saysız-hesabsız əşyalardan biridir.

 

İndi hər kəs həmin xalçanın sahibini axtarır. Ən çox da xalçanı alan həmyerlimiz: “Hətta mənə belə dedi ki, xalçanın sahibindən başqa toxuyan insan da sağdırsa, öz əllərimlə gətirib, xalçanı o anaya təqdim edəcəyəm. Çox dua edirik ki, ailənin üzvləri, xalçanın həqiqi sahibləri yaşayır. Xalçanın sahibi tapılsa, həmyerlimiz o xalçanı öz vəsaiti hesabına Amerikadan həmin ailəyə göndərəcək. Ola bilsin ki, xalçanın həqiqi sahibi yaşamır, amma onun yaxınlarının xalçanı tanıyacağına inanırıq. Xalçanın üzərində Kiril əlifbası ilə “Anasından əbədi yadigar” sözləri yazılıb”.  

 

Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov deyir ki, Qarabağdan Los-Ancelesə gedib çıxan xalça  XX əsrin ortalarına aiddir. Bu xalçadan bütün Qarabağ ərazisində toxunulub: “Xüsusən Cəbrayıl, Qubadlı, Ağdam, Füzuli, Ağcabədi rayonlarının kəndlərində bu xalçalardan çox toxunub. Bu gün də o xalçalardan bizdə çoxdur. Orada qızılgüllər, bağ-bağat təsvir edilən naxışlar var. O xalçaları vaxtı ilə ermənilər işğal olunan ərazilərimizdən çoxlu sayda aparmışdılar. Bu gün də dünyada ermənilər Qarabağ xalçalarını öz adlarına çıxırlar. Onlar hamısı tərəkəmə xalçalarıdır. O xalçanın təkcə siz bildiyiniz o iki nümunəsi deyil, minlərlə nümunələri var”.

 

Xalçanı satın almış böyük ürəkli həmyerlimizin də, məsələni gündəmə gətirən jurnalist Vüsalə Məmmədovanın da, elə bizim də tək məqsədimiz var. Xalçanın sahibini tapıb, ata-baba yurdundan qalan bu mirası ona çatdırmaq.

 

Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkün soydaşlarımız arasında bu xalçanın sahibini tanıyan varsa, APA TV-yə müraciət edə bilər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR