"Zirə"dən zirvəyə gedən yol - REPORTAJ

Onları gənc futbolçular da adlandırmaq olar, gələcəyin ulduzları da. İdmanı hər şeydən çox sevdiklərini deyirlər. Həftənin beş günü saatlarla professional məşq edirlər. Bir sözlə, peşəkar futbolçu olmaq üçün bu əzmlə çalışırlar.

 

Söhbət "Zirə" futbol klubunun yeniyetmələrdən ibarət futbol komandasından gedir. Komandanın məşqçisi, peşəkar futbolçu Aqil Nəbiyev özü də futbola 7 yaşından başlayıb. İlk dəfə əsas Premyer Liqaya 17 yaşından dəvət alıb. 2000-2001-ci ildən "Neftçi"yə transfer olub. Bir ildən sonra "Turan" futbol komandası onu geri qaytarıb. 2006-cı ilə kimi doğma komandada oynayıb, sonradan isə yenidən "AZAL" komandasına transfer olub. 7 il bu komandanın da şərəfini qoruyan Aqil Nəbiyev ilyarım da "Bakı" futbol klubunda oynadıqdan sonra futbol karyerasına son verib.

 

"Artıq 6-7 ay olar ki, məşqçi kimi fəaliyyətə başlamışam. "Turan"da məşqçi köməkçisi işlədim. Bu ilin yanvar ayından "Zirə" futbol klubundan təklif gəldi. Düşünüb qərar verdim ki, artıq baş məşqçi kimi ilk addımlarımı atmalıyam 17 yaşlılarda. Bir aydan bir az artıq olar ki, burdayam".

 

Gələcəkdə komandanın uğurlarının daha da artacağına inanan Aqil Nəbiyev deyir ki, ümumiyyətlə, kiçik yaş qruplarında problemlər çoxdur:

 

"Akademiyalar azdır, klublarda aşağı yaş qruplarına fikir vermirlər. Elə uşaqlar var ki, onlar 7-8 yaşlı uşaqların məşqini keçirik. Çünki təməlləri zəif qoyulub. Amma çox çalışırıq uşaqların üzərində. Önəmli odur ki, uşağa verilən uşağa verilən məşqlərin keyfiyyəti yaxşı olsun. Bizim komanda da 17-18 nəfər gənc var, amma onların 90%-nin təməli yoxdur. Səbəb isə savadsız məşqçilərin olması ilə bağlıdır".

 

Amma "Zirə" Futbol klubun 17 yaşlılardan ibarət komandasının seçilən gəncləri də var:

 

"Biz milli komandanın məşqçisi Təbriz Həsənovu dəvət etdik. Gəldi bizim oyunları izlədi. Biz burda milli komandaya uşaq vermişik - İlkin Həsənli və Riyad Abbaszadə. Onların oyunlarını izlədim, yoldaşlıq görüşlərinə də baxdım".

 

Fürsətdən istifadə edib İlkin Həsənli və Riyad Abbaszadə ilə də görüşdük.  İlkin deyir ki, onun futbola olan marağı 7-8 yaşlarından başlayıb:

 

"Çoxdandır oynayıram, "Zirə" futbol klubuna isə yeni gəlmişəm. Çox böyük marağım var, istəyirəm bu sahədə həmişə irəliyə gedim. Çalışıram, əlimizdən gələni edirəm ki, özümüzü tanıdaq. Hər gün məşqimiz olur, bir gün də yarışımız olur".

 

Riyad Abbaszadənin isə futbola gəlişi 5 yaşına təsadüf edir:

 

"Əvvəlcə "Vətən" klubunda, sonradan isə "Bakı" da oynamışam. Ordan "İnter"ə getdim və iki aydır ki, "Zirə"dəyəm. Həftənin hər günü iki saat məşq edirəm. İdman İnstitutuna hazırlaşıram, amma əsas futboldur".

 

Yaxın illərdə yaşıl meydanlarda öz sözünü deyəcək gənclərə uğur diləyi ilə!!!

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR