Özünə heç vaxt doğum günü keçirməyən aprel şəhidi - REPORTAJ

Sağlığında özünə heç vaxt doğum günü keçirməmişdi. APA TV-nin yerli bürosunun xəbərinə görə, söhbət İmişli rayonundan olan şəhid zabit Nəcməddin Savalanovdan gedir.

 

Yaşasaydı, fevralın 26-da 32 yaşı tamam olacaqdı. 1985-ci ilin fevralın 26-da dünyaya göz açmışdı. Nəcməddin Savalanovun özündən sonra 3 övladı - 2 qızı və 1 oğlu yadigar qalıb.

 

Fevral ayının 26-da dünyaya göz açan Nəcməddinə sanki doğum günü keçirmək qismət deyilmiş. Nəcməddin körpə ikən əmisi oğlunun vəfatı onun doğum gününə təsadüf edib. Bu səbəbdən bir neçə il ona doğum günü keçirilməyib. Daha sonra 1992-ci ilin fevralında  törədilən Xocalı faciəsi  azyaşlı Nəcməddini sarsıdıb. Yaşının az olmasına baxmayaraq, valideynlərinin onda tərbiyə etdiyi vətən sevgisi ilə coşub daşan uşaq ürəyi anlayıb ki, bu gün ad günü keçirmək olmaz. İşğal altında olan torpaqların azad olunacağından sonra doğum gününü qeyd etməyi arzu etsə də, tale onu bu istəyinə qovuşdurmadı. Aprel döyüşləri zamanı vətəni uğrunda canından keçən Nəcməddin Savalanov öz igidliyi ilə tarix yazdı.

 

Nəcməddinin doğum günündə məzarı ailəsi və dostları tərəfindən ziyarət olundu. Şəhidin azyaşlı oğlu məzar daşını öpərək atasını təbrik etdi. Qızları isə şəhidin onlara öyrətdiyi şerlə atalarını xatırlayırlar. İndi bayraq və igidlik haqqında şeirlər səsləndirən bu körpələr şəhid övladı olmaqla fəxr edirlər.

 

Şəhidin digər yaxınları Nəcməddinin hələ erkən yaşlarından vətənə bağlı olduğunu bildirir. Onun oyuncaqları da tank, avtomat və digər hərbi maketlər olub. Yeganə amalı isə böyüyəndə hərbçi olmaq, vətənini müdafiə etmək idi.

 

Nəcməddinin ilk dəfə keçirilən doğum günündə təkcə ailəsi deyil, sinif yoldaşları, qohumları və həmkəndliləri də iştirak edirdi. Nəcməddin kimi vətənini müdafiə edən ilk qadın snayper Növrəstə Yusifova, Qarabağ qazisi Həsən Həsənov şəhidimizin igidliklərindən söz açdılar. Onun ilk dəfə özü olmadan keçirilən doğum günü hər kəsi göz yaşlarına boğdu.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR