Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri Qırmızı Körpüdə görüşdü
Bu gün Qırmızı Körpü sərhəd-keçid məntəqəsində “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, Gürcüstan maliyyə nazirinin birinci müavini, Gürcüstan Gömrük Xidmətinin rəhbəri Giorgi Tabuaşvili, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Qulam İsakzai və qurumun Gürcüstandakı rezident nümayəndəsi Niels Skott iştirak ediblər.
BMT İnkişaf Proqramının Azərbaycandakı strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyevin moderatorluğu ilə keçirilən iclasda layihənin qısa təqdimatı olub və “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin 2017-ci il üzrə iş planına dair müzakirələr aparılıb.
Tədbirdən sonra iştirakçılar öncə Gürcüstan tərəfindən Qırmızı Körpü sərhəd-keçid məntəqəsində sanitar və fitosanitar laboratoriyaların sadələşdirilməsi üzrə tikintinin layihəsi və planı ilə tanış olublar.
Daha sonra iştirakçılar Azərbaycan tərəfindən Qırmızı Körpü sərhəd-keçid məntəqəsində gömrük terminalı kompleksinin planı ilə tanış olublar.
“Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd keçid məntəqəsinin inkişafına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunur.
Layihənin əsas məqsədi Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin Qırmızı Körpü sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA