FHN 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar konfrans keçirib

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar təşkil edilmiş tədbirin keçirilməsində məqsəd  mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub.

 

Konfransda müvafiq nazirliklərin və dövlət qurumlarının, icra hakimiyyəti orqanlarının və beynəlxalq təşkilatların məsul əməkdaşları iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Azərbaycan Mülki Müdafiə Qoşunlarının keçdiyi şərəfli yoldan danışaraq, dövlət başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildirib.

 

Sonra tədbir iştirakçıları Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsindəki fəaliyyəti barədə videoçarxı izləyiblər.

 

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov FHN-in əhalinin təhlükəsiz şəraitdə yaşaması və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

 

Konfransın sonunda FHN Mülki Müdafiə Qoşunlarının mülki müdafiə vasitələri nümayiş etdirilib.

          

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR