Magistratura, rezidentura və dövlət qulluğuna qəbul müsabiqələrində iştirak ödənişli olacaq

Bu il 70 min abituriyent qəbul imtahanında ödənişsiz iştirak edəcək. Kolleclərə, ya da ali məktəblərə qəbul imtahanında iştirak üçün lazım olan məbləğ dövlət tərəfindən ödəniləcək.

 

APA TV-nin məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

 

O bildirib ki, bu ildən abituriyentlərə seçdiyi ixtisas qrupuna uyğun olaraq, qəbul imtahanında iki dəfə iştirak etmək imkanı yaradılıb: "Bir cəhdi dövlət öz üzərinə götürüb. İstəyir aprel-may, istəyir iyul ayında imtahan versin. Bir imtahanı verdikdən sonra ikinci imtahan üçün qeydiyyatdan keçmirsə, həmin nəticə ilə müsabiqədə iştirak edəcək. Ola bilsin, gələcəkdə qəbul imtahanlarında iştirakın sayını artıraq. Gələcəkdə bir ildə 2-3 dəfə qəbul imtahanı keçirmək imkanımız olacaq".

 

Məleykə Abbaszadə həmçinin vurğulayıb ki, magistratura, rezidentura və dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq. Bu həftə ərzində Tarif Şurası qərarını elan edəcək. Magistratura və rezidenturanın I mərhələsi üçün imtahanların aprel ayından tez olmayacağını deyən Məleykə Abbaszadə əlavə edib ki, yerdə qalan digər imtahanların vaxtının elan olunması üçün Tarif Şurasının qərarını gözləyirlər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR