Mikayıl Müşfiqin Bakıdakı heykəli götürüldü - QALMAQAL

Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı heykəli yoxa çıxıb.

 

APA TV-nin xəbərinə görə, büst İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə, Mikayıl Müşfiqin adını daşıyan parkda yerləşirdi. Heykəlin müəllifi Azərbaycan Respublikasının əməkdar rəssamı heykəltəraş Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb.

 

İki gün öncəyə qədər gördüyünüz bu ərazidə Azərbaycan şairi Mikayıl Müşfiqin heykəli var idi. Lakin göründüyü kimi, hazırda bu ərazidə təmir işləri aparılır.

 

Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, məsələ ilə bağlı onlara heç bir müraciət daxil olmayıb. Hazırda araşdırma aparılır.

 

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Haqqin.az saytına açıqlamasında hadisəni pisləyərək, bunu yolverilməz addım saydığını bildirib.

 

Təmir işləri “Azəravtoyol” ASC tərəfindən aparılır. “Azəravtoyol” ASC- nin mətbuat katibi Anar Nəcəfli bildirib ki. Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq Füzuli meydanı ətrafında quruculuq və abadlıq işləri həyata keçirilir: “Təmir-tikinti işləri zamanı orada büstün saxlanılması təhlükəli olduğuna görə müvəqqəti olaraq, tam sağlam şəkildə, xüsusi texnologiya vasitəsilə götürülərək bizim anbarımızda yerləşdirilib - üstüörtülü şəkildə. O cümlədən büstün alt hissəsinin üzlənməsində istifadə olunan mərmər-qranit tam sağlam şəkildə çıxarılaraq anbarda saxlanılır. Həmin ərazidən 4-5 metr sağ tərəfdə 5 dəfə böyük bağın salınması nəzərdə tutulub. Həmin büst sağlam şəkildə həmin parkda yerləşdiriləcək”.

 

Anar Nəcəfli büstə heç bir ziyan dəymədiyini sübut etmək üçün fotoşəkillər təqdim edib.

 

Təmir işlərinin təxminən bir ay yarım ərzində yekunlaşdırılması nəzərdə tutulub. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR