Xələf Xələfov: "Ermənistan torpaqlarımızı geri qaytarmasa, digər üsullardan istifadə ediləcək"

"Hər dəfə dünya ictimaiyyəti münaqişənin tezliklə həlli üçün addımların atılmasını tələb edəndə və yaxud aparılan danışıqlarda əldə olunmuş müəyyən razılaşmaların artıq icrasına başlanmalı olan vaxtda Ermənistan təmas xəttində vəziyyəti gərginləşdirir". APA TV-nin məlumatına görə, bu fikirləri xarici İşlər nazirinin müavini Xələf Xələfov son günlər erməni silahlı bölmələrinin cəbhə xəttində həyata keçirdiyi təxribatlara münasibət bildirərkən deyib. Nazir müavini bildirib ki, Ermənistan bununla dünya ictimaiyyətinin diqqətini yayındırmaq istəyir:

 

“Bu addımlar keçməyəcək. Ona görə ki, Azərbaycan 90-cı illərin əvvəllərində olan Azərbaycan deyil. Azərbaycan həm beynəlxalq səviyyədə nüfuza malikdir, həm də regionun aparıcı dövlətidir və həm iqtisadi, həm hərbi potensialına görə Ermənistandan qat-qat irəlidədir. Ermənistan heç vaxt Azərbaycan torpaqlarını ilhaq etmək və özünə qatmaq imkanına malik olmayacaq. Bu, xülyadır, xəyaldır. Nə qədər tez bu xəyaldan əl çəksələr, o qədər tez bu regionda sabitlik bərqərar olar, sabitlik yaranar”. 

 

Nazir müavini bildirib ki, Azərbaycanın hərbi potensialı düşmənin hər bir həmləsinə cavab verməyə imkan verir. Ermənistan sülhə vadar edilməsə, işğalçılıq siyasətindən əl çəkməsə və torpaqları geri qaytarmasa, digər üsullardan istifadə ediləcək. Xələf Xələfov torpaqlarımızı azad etməyə çox yaxın olduğumuzu deyib:

 

“Biz istəyərdik ki, münaqişənin həllinə cəlb olunmuş ölkələr, həmsədrlər və Minsk Qrupunun digər üzvləri, dünyanın aparıcı dövlətləri Ermənistanın çirkin məqsədlərindən nəticə çıxarsınlar və onu sülhə vadar etsinlər. Mən inanıram ki, yaxın dövrdə danışıqlar prosesində əlavə təkan, əlavə siyasi impuls olmalıdır".

 

Nazir müavini vurğulayıb ki, Ermənistanı sülhə gətirmək mümkün olmasa, regionda yeni münaqişənin başlanmasına görə bütün məsuliyyət Ermənistan rejiminin üzərinə düşəcək. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR