Ermənistan niyə təxribata əl atdı? - RƏYLƏR

"Hazırda Ermənistanda vəziyyət ağırdır. Ermənistan hakimiyyəti daxildəki qarşıdurmanı ört-basdır etmək üçün cəbhə xəttində təxribat törədir".  

 

Bunu hərbi ekspert Üzeyir Cəfərov cəbhədə ermənilərin törətdiyi son təxribatı APA-ya şərh edərkən deyib.

 

O bildirib ki, Ermənistanda vəziyyət düşündüyümüzdən də gərgindir. Buna misal olaraq bir vaxtlar Serj Sarkisyanın yaxın silahdaşı olmuş və Qarabağın işğalı nəticəsində hakimiyyətə gəlmiş Seyran Ohanyanın son bəyanatını göstərən hərbi ekspert  Ermənistan rejiminin daxili qarşıdurmalardan diqqəti yayındırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirdiyini bildirib.

 

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa isə separatçı rejimin dəfələrlə bu yöndə təxribatlara getməsini təsadüfi saymır: "Ermənistan birinci dəfə deyil ki, belə təxribatçı fəaliyyətlə məşğul olur və aprel döyüşlərinin ildönümü yaxınlaşdıqca, bu cür təxribatlara gedəcəyi gözlənilən idi. Azərbaycan Ordusu da qəhrəmancasına onların hücumlarının qarşısını almağa qadir olduğunu göstərir. Bu məsələ hər hansı halda Ermənistanın xeyrinə deyil. Çünki bütün hallarda bu məsələdə ən çox zərərli çıxan Ermənistan olacaq. Azərbaycan Ordusunun bu məsələdə müəyyən itkiləri də ola bilər, amma vətənin qorunması ümdə vəzifədir. Sona qədər hər bir əsgərimiz mətanətlə döyüşəcək".

 

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Ermənistan hakimiyyəti bununla diqqəti ölkədəki ağır siyasi-sosial və iqtisadi vəziyyətdən yayındırmaq istəyir: "Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların işğalına uzun müddət dözməyəcək. Digər tərəfdən, aprel ayında Ermənistanda parlament seçkiləridir və Sarkisyanın mövqeləri də getdikcə zəifləyir, iqtisadi-sosial vəziyyət ağırdır. Tərəfdarlarını belə itirir. Ona görə də diqqəti yayındırmaq üçün bu cür təxribatlara da Ermənistan hakimiyyəti zaman-zaman əl atır".

 

Politoloqun fikrincə, Ermənistan zaman-zaman əl atdığı bu təxribatlardan hər zaman olduğu kimi yenə də məğlubiyyətə uğradılmış durumda çıxacaq. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR