XİN: Cəbhədəki gərginlik Ermənistanın siyasi təxribatlarının davamıdır

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb.

 

XİN-dən APA-ya daxil olan açıqlamada deyilir: "Cəbhədə vəziyyətin gərginləşdirilməsi və hərbi təxribatların törədilməsi Ermənistanın 20 fevral tarixində Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi qanunsuz "referendum" kimi siyasi təxribatlarının davamıdır. Ermənistanın siyasi və hərbi təxribatları vəziyyəti qəsdən gərginləşdirərək münaqişənin substantiv danışıqlar yolu ilə həllinə imkan verməmək, Xocalı soyqrımının 25 illiyi ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın bu soyqırıma görə daşıdığı məsuliyyətdən yayındırmaq və Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsi Ermənistanın hakim rejiminin itirilmiş sosial bazasını və mövqeyini gücləndirmək məqsədi daşıyır.

 

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir. Keçən ilin aprel ayında baş vermiş hadisələr bir daha sübut etdi. Vəziyyətin gərginləşməsinin qarşısını almaq, status-kvonu dəyişmək və regionda davamlı sülhü təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmalıdır.

 

Cəbhədə vəziyyətin gərginləşməsinin səbəbkarı Ermənistandır və buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR