Əli Həsənovun 8 dildə nəşr olunmuş kitabları təqdim olundu
"Xocalıda insanlara qarşı işgəncə edilərkən, dərilərini soyarkən, daha ağıllara gəlməyəcək zülmlər edilərkən, hər şey qeydə alındı. Hər şeyi bütün dünya gördü. Əli Həsənovun yazdığı bu kitablarda həm Xocalı soyqırımı, həm də Azərbaycana qarşı işlənilən cinayətlər barədə geniş məlumatlar öz əksini tapır".
APA TV-nin xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun 8 dildə çap olunmuş “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində deyib.
O bildirib ki, hər iki kitab Azərbaycanın yaxın tarixini, ermənilərin Azərbaycana qarşı apardığı soyqırımı, etnik təmizləmə və təcavüzkarlıq siyasətini öyrənmək üçün qiymətli tədqiqat işidir.
Hər iki kitabın elmi redaktoru Elçin Əhmədov bildirib ki, “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabında son iki əsrdə azərbaycanlılara qarşı ermənilərin məqsədli şəkildə həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilib: “Bu kitabda Ermənistanın 1988-1993-cü illərdə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. Kitabda Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər də yer alıb”.
Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə deyib ki, bu kitablar Azərbaycan prezidenti İlham Əliyevin hücum taktikasını həyata keçirmək üçün ciddi vasitədir.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, hər iki kitab pafos və patetikadan uzaq, soyuqqanlı şəkildə, proseslərin mahiyyəti barədə olan qiymətli mənbədir.
Millət vəkili, Azərbaycan prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib ki, kitabın BMT dillərində dünyaya çatdırılması unikal bir işdir.
Sonda Əli Həsənov çıxış edərək bildirib ki, bu kitablar Azərbaycan prezidentinin Xocalı soyqırımının 25 illiyi ilə bağlı imzaladığı fərmana müvafiq olaraq çap olunub. Hər iki kitabın mətni yığcam şəkildə 31 səhifədən ibarətdir, bu, bir məqalədir: "Bunların kitab halına salınması, 8 dildə tərcümə olunması isə xüsusi bir işdir. Bu kitablarda bizim dünya ictimaiyyətinə son 200 ildə ermənilərin başımıza gətirdikləri bəlalar haqda çatdırdığımız hədəflər 31 səhifədə verilib. Kitablarda xəritələr, digər sənədlər yer alıb".
Ə.Həsənov qeyd edib ki, bu kitablarda sülhə çağırış, Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var. Bununla belə, biz Xocalıda xalqımızın başına gətirilən soyqırımını heç vaxt unutmayacağıq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI