Rusiyalı deputat: "Azərbaycanda istənilən dildə rahat danışmaq olar"

"Rusiya-Azərbaycan münasibətləri qlobal əhəmiyyət daşıyır. Bu yaxınlarda ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüşünün məhz Bakıda keçirilməsi bunun bariz nümunəsidir".

 

APA TV-nin xəbərinə görə, bunu Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda keçirilən konfransda bildirib.

 

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Oleq Maraşov deyib ki, Rusiya müstəqil, güclü və sabit Azərbaycanda maraqlıdır: "Biz Azərbaycan və Rusiyanın maraqlarına xidmət edən və regionda təhlükəsizliyi təmin edən xüsusi əlaqələr modeli yaratmışıq. Bizi Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi məsələsində ümumi səylər də birləşdirir".

 

Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan dostluq qrupunun həmsədri Ramin Qasımov isə bildirib ki,  ictimai və xalq diplomatiyası, eyni zamanda şəxsi münasibətlər iki ölkənin əlaqələrində vacib rol oynayır: "MDB-nin heç də bütün ölkələri deyə bilməz ki, rus məktəbləri və rus qəzetləri Sovet dövründən çox çap olunur. Azərbaycanda bu var. Amma Rusiyada hamı bunu bilmir. Azərbaycan tolerant ölkədir, bu faktdır. Azərbaycanda rahat gəzib, istənilən dildə danışmaq olar. Amma hamı bunu bilmir. Ona görə də bu cür konfranslar bizim hər iki milləti yaxınlaşdırır".

 

Rusiyalı deputat Aleksandr Yuşenko Azərbaycanla Rusiya arasında strateji əlaqələrin yaşının 25 yox, 200 il olduğunu bildirib: "Azərbaycan iki gündən sonra Xocalı faciəsinin ildönümünü qeyd edir. Bizim burada Xocalı faciəsini sükutla anmağımız düşünürəm ki, siyasi aksiya deyil. Bu sırf insanlıqdır".

 

“Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda keçirilən konfransda hər iki ölkənin parlamentarları və ekspertlər iştirak edirlər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR