Rüfət Aslanlı: "Manatın məzənnəsi ilə neftin qiyməti arasında əlaqə yoxdur"
"Azərbaycanın manatının dollara nisbətən məzənnəsi neftin qiymətindən asılı olmayaraq formalaşır". APA TV xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
"Jurnalistlər və bizim bəzi deputatlarımız məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarırlar. Axtarmayın, tapa bilməyəcəksiniz. Çünki məzənnə ilə neft qiymətləri arasında əlaqə yoxdur. İndiki halda əlaqə yoxdur. Bu, bilərəkdən belə müəyyənləşdirilib. 1998-ci ildə biz Dövlət Neft Fondunu yaradanda bilirdik ki, bir il ərzində ölkəmizə ÜDM-in 5 qatı həcmində valyuta daxil olacaq. Ona görə biz həmin valyutanı iqtisadiyyatdan sterilizasiya edirdik, həmin valyuta Dövlət Neft Fonduna gedirdi. Həmin dollar kütləsi bazara çıxmadığına görə onun məzənnəyə təsiri yoxdur" - deyə R.Aslanlı qeyd edib.
O, hazırda dolların bazara necə çıxarıldığına da aydınlıq gətirib: "Dövlət Neft Fondu büdcə öhdəliklərini yerinə yetirmək üçün dollardakı vəsaitini bazara çıxarır, manata çevirir və büdcəyə transfer edir. Dövlət Neft Fondu dolları ucuz olanda alıb, baha olanda satmır. Fond büdcə qarşısındakı öhdəliyini Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müəyyən edərək lazım olan vaxtda, lazımı məbləğlərdə dollar sataraq yerinə yetirir. Neftin qiymətinin bizim iqtisadiyyatın dayanıqlığına təsiri var. Amma neftin qiymətinin birbaşa dolların məzənnəsinə təsiri yoxdur".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı