İlhamənin il mərasimində miras söhbəti

Xalq artisti İlhamə Quliyevanın ölümündən bir il ötür. APA TV-nin xəbərinə görə, bu münasibətlə Heydər məscidində il mərasimi keçirilib.

 

Mərasimdə sənətkarın yaxınlarından və bir neçə xalq artistindən başqa heç kim gözə dəymədi.

 

İlhamə Quliyevanın oğlu Orxan Nadirov bu vəziyyətə kəskin münasibət bildirdi: “Allah heç kəsə qismət eləməsin. Yəqin ki, sağ olsa idi, belə olmazdı. Sağ olsa idi, ad günü olsa idi, hamısı gələrdi”.

 

Xalq artistinin bacıları isə sabah Təzə Pir məscidində il mərasimi verəcəklər. Primadonnanın oğlu bu məclisə dəvət olunmayıb: “Mən, ümumiyyətlə, çağırılmayan yerə getmirəm. Bu gündən sonra 5 dəfə də məclis verə bilərlər. Bu, ehsan süfrəsidir. Ona heç kəs qadağa qoya bilməz. Bu günə qədər mən məclis edəndə heç kimlə məsləhətləşib eləməmişəm. Hamısını özüm etmişəm”.  

 

İlhamə Quliyevanın gəlini Arifə Nadirova da fikirlərini bölüşüb: “Düzgün, sözün düzünü deyən mərd qadını itirdik. Çoxunun ikiüzlülüyü üzə çıxdı. Maskalar düşdü”.

 

Xalq artisti Fatma Mahmudova sənətkarla bağlı sağlığında və ölümündən sonra yaranan söz-söhbətlərdən narahat olduğunu bildirdi: “Onun ürəyi çox yumşaq idi. Onun nəyi var idisə, dilində var idi. Hamımızın dilində var. Allah da insanı bağışlayır. Hər kəsin günahını Allah da bağışlayır. İnsanlar da, sənətkarlar da bağışlamalıdır. Olur da, hər insanın arasında anlaşılmazlıq, söz-söhbət olur. Elə adam var ki, düzdür, onu bağışlamaq olmur. Sənətkarın hər sözünü böyütmək lazım deyildi”.

 

Xalq artistinin ölümündən sonra mirasla bağlı yaranan qalmaqal il mərasimində də qabardı. Oğlu bu söz-söhbətlərdən təngə gəldiyini dilə gətirdi: “Nə bilim? Allah səbir versin. Səbrim var, baş çıxardıram. Qıcıqlandıranlar var da. Amma gərək səbrini basıb səbirlə davranasan. Hər şeyi zaman göstərəcək”.

 

1985-ci ildən İlhamə Quliyevanın yanında olan köməkçisi, eyni zamanda vəkillərindən biri olan Yeganə xanım iddia edir ki, miras Primadonnanın oğluna qalmalıdır: “Mən düşünürəm ki, ona qalmalıdır. Çünki mən o Gülbaharı heç görməmişəm. İradə xanımı mən Tükəzban xanım öləndə görmüşəm. Onda o qız peyda olub. Gülbaharı görməmişik, tanımırıq. Mən belə hesab edirəm ki, o bacılarına nədə düşə bilər, cüzi bir şey. Ancaq bütün miras qalmalıdır Orxana”.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR