Zeynəb Xanlarova: "Gəlin müharibə edək, torpağımızı alaq, nəyi gözləyirik?"
“Bizim torpaqlarımız işğal edilib, o vaxtdan bəri də şəhid veririk. Bundandırsa, gəlin müharibə edək, torpağımızı alaq. Nəyi gözləyirik?" APA TV-nin məlumatına görə, bunu bu gün Mİlli Məclisin iclasında deputat Zeynəb Xanlarova deyib.
"Onsuz da hər ay nə qədər şəhid veririk. Birdəfəlik ya ölək, ya qalaq. Müharibə edək, bitsin bu məsələ. Biz ki, onların torpağını almamışıq. Onlar bizim torpağımızı işğal ediblər. 25-30 ildir Milli Məclisdə oturmuşam, ancaq elə danışırıq. Məsəl var, "Dəyirman öz işindədir, çax-çax baş ağrıdır". Nə qədər balalarımız öləcək, nə qədər analar göz yaşı axıdacaq?" -deyən xalq artisti ATƏT-in Minsk Qrupunu da tənqid edib: "Biz haqqımızı almaq üçün kimdənsə icazə almalıyıq? Əgər mənim evimə basqın ediblərsə, sakit nə qədər dayanıb gözləyəcəm? Bəli, mən sülh adamıyam, istəmərəm müharibə olsun. Amma biz torpaqlarımızı geri almalıyıq".
Vitse-spiker Bahar Muradova Zeynəb Xanlarovanın çıxışına cavab olaraq qeyd edib ki, müharibə etmək, sülh istəmək, onu necə həyata keçirmək adamların dünyagörüşü, həyata baxışı və qəlbindən gələn şəkildə ifadə oluna bilər: "Biz müxtəlif məsələlər haqqında fikirlərimizi bildirə bilərik. Lakin müharibə ilə bağlı qərar Ali Baş Komandanın işidir və Ali Baş Komandan bu qərarı Lələtəpəni alacağına əmin olduğu zamanı verdi. Buna görə də gəlin nə xalqımızın, millətimizin torpağımızın işğal olunması ilə bağlı keçirdiyi hissiyyatları şübhə atına alaq, nə də bu vəzifəni daşıyan yüksək rəsmilərin qərar verməsinə hansısa tərəflərin rəyindən asılı olduğuna dair fikir formalaşdıraq”.
Millət vəkili Qənirə Paşayeva Şəhidlər Xiyabanında Xocalı ilə bağlı abidənin qoyulması təklifini irəli sürüb: “Azərbaycana gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Lakin yaxşı olar ki, orada Xocalı ilə bağlı abidə də yerləşdirilsin. Bundan başqa, Bakıda Soyqırım muzeyi ilə bərabər Şəhidlər Xiyabanında bir informasiya mərkəzi yaradılması da vacibdir".
Parlamentin komitə sədri Siyavuş Novruzov deyib ki, beynəlxalq hüququn prinsiplərinə görə Xocalı etnik, dini təmizləmə məqsədilə həyata keçirilən qətliamdır: "Xocalı soyqırımının həyata keçirilməsində iştirak edənlərin siyahısı tərtib olunub. Biz gözləməməliyik. Hüquq-mühafizə orqanları şifahi də olsa, onlar haqqında qərar çıxarmalı və bu qərar dünyaya yayılmalıdır. Biz onların nə vaxtsa tutulacağını və məhkəmə qurulacağını gözləməməliyik".
Millət vəkillərinin çıxışlarına isə spiker Oqtay Əsədovun cavabı isə belə olub: “Erməni obrazını ən gözəl şəkildə dahi rus şairi Puşkin yaradıb. "Tı vor, tı trus, tı armyanin!" Erməni obrazı ilə bağlı demək istəyirəm ki, arxalı köpək qurd basar - atalar belə deyib. Zaman da göstərdi ki, bizim özümüz özümüzə dayağıq. Ağlaşma obrazı yaratmayacağıq”.
İclas müzakirələrlə davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı