Casusluq edən iki Azərbaycan vətəndaşı tutuldu - DTX-DƏN ŞOK ƏMƏLİYYAT

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkəyə casusluq edən iki Azərbaycan vətəndaşını həbs edib.

 

DTX-nin ictimai əlaqələr şöbəsindən APA TV-yə bildirilib ki, bunlar Azərbaycan vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğludur. Onların əməllərində casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyənləşib.

 

Xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmirinin və Elçin Babayevin 2016-cı ilin yanvar ayından etibarən həmin orqan tərəfindən verilən tapşırıqlar əsasında Azərbaycanın hüquq-mühafizə orqanlarının məxfi heyətinə daxil olan əməkdaşları, Müdafiə Nazirliyinin hərbi hissələri, onların döyüş potensialı, eləcə də strateji əhəmiyyətli dövlət obyektləri barəsində məlumatlar toplanılması istiqamətində fəaliyyətləri kompleks əməliyyat nəzarətinə götürülərək sənədləşdirilib.

 

2017-ci il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş tədbirlər nəticəsində Elşən Əmiri və Elçin Babayev casusluq fəaliyyətlərinin nəticəsi olan maddi sübutlarla şübhəli şəxs qismində tutularaq cinayətin qarşısı alınıb. Elşən Əmiri və Elçin Babayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.


Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR