Yaşayış evinin divarına sancılan erməni mərmisi zərərsizləşdirildi

Tovuzda erməni silahlı qüvvələri tərəfindən atılaraq yaşayış evinin divarına sancılan mərmi zərərsizləşdirilib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Koxanəbi kəndində Əhmədovlar ailəsi uzun illər idi ki, evin divarında mərmi olması səbəbindən narahat idilər.

 

Bir neçə gün əvvəl məsələ ilə bağlı 102 və 112 qaynar  xəttinə məlumat verilib. Bundan sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Ağstafa rayonundakı Saloğlu  bölməsinin əməkdaşları əraziyə  baxış  keçiriblər. Tez bir zamanda qurum əməkdaşları mərminin növünü təyin edərək zərərsizləşdiriblər.

 

Menecer Mədəd Məmmədov bildirib ki, PQ-7 qumbaraatan mərmisi divara dəyməmişdən partlayıb, nəticədə evin divarında bir neçə  yerdən çatlar yaradıb.

 

Ev sahibi Əntiqə Əhmədova uzun illərdir yuxularına haram qatan mərminin çıxarılmasında rolu olan hər kəsə təşəkkür edib.

 

Qeyd edək ki, mərmi çıxarılsa da, onun bir neçə yerdən çatlatdığı evdə yaşamaq da təhlükəli sayılır. 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR