Sərnişinlərin kəmər taxması məcburidir! - DYP-DƏN AÇIQLAMA

Sərnişin olaraq, sözün düzü, ilk dəfə idi təhlükəsizlik kəməri taxırdım. Apardığımız sorğular zamanı bəlli oldu ki, bəzi vətəndaşların, ümumiyyətlə, avtomobilə sərnişin kimi əyləşən zaman kəmərdən istifadə etməyin məcburi olması qaydasından heç xəbərləri də yoxdur.

 

Elə ona görə də Baş Dövlət Yol Polisi İdarəsi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimələnməsi məsələsinə aydınlıq gətirib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA TV-yə  açıqlamasında bildirib ki, bu məsələ qanunla tənzimlənir: "Avtomobilin ön və ya arxa oturacağında əyləşməsindən asılı olmayaraq , əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur".

 

Yol polisi rəsmisi əlavə edib ki, sərnişinlər avtomobilə minərkən onlara kəmərləri taxmaqla bağlı xəbərdarlıq etmək sürücünün borcudur. K.Əliyev bildirib ki, sərnişinlərin kəmər taxmamasına görə əvvəllər cərimələnməməsi müəyyən qədər mentalitetlə bağlı olub: “Bir çox hallarda avtomobildə insanlar ailəvi hərəkət edəndə onlara xəbərdarlıq edilirdi. Bu barədə dəfələrlə sujetlər hazırlamışıq, müraciətlər etmişik. Yəni görürsünüz avtomobildə təhlükəsizlik kəməri var, bağlayın". 

 

Statistika  göstərir ki, qəzalarda ən çox zərərçəkənlər - xəsarət alanlar və ya ölənlər sərnişinlər olur.

 

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, 1970-ci illərdən bəri bizim ölkədə istər sürücünün, istərsə də sərnişinin təhlükəsizlik kəmərindən istifadəsi məcburidir: "İstisna halları çıxılmaq şərti ilə - hamilə qadınlar, 12 yaşına qədər olan uşaqlar və s. Mütəxəssislər araşdırıblar, kəmər haradasa 50 faiz travmaları azaldır".

 

Ekspert hesab edir ki, burda çətin heç nə yoxdur. Qanunlara, sadəcə, riayət etmək lazımdır: "Bu, təxminən ilk dəfə təyyarə ilə uçmaq kimi bir şeydir. İlk dəfə uçanda adam həyəcan keçirir, ikinci dəfə isə elə bilirsən avtomobildə gedirsən. Söhbət ondan gedir ki, buna, sadəcə, alışmaq lazımdı. Əgər sərnişin kəməri taxmayıbsa, buna görə 30 manat çərimə oluna bilər".       

 

Sürücü yalnız o halda məsuliyyət daşıyır ki, avtomobildə təhlükəsizlik kəmərləri olmasın. Bu halda sürücü 150 manatından keçməli olacaq. Bir sözlə, sərnişinlər avtomobilə minərkən onlara kəmərləri taxmaqla bağlı xəbərdarlıq etmək sürücünün borcudur.

 

Dünyada indiyədək yüz minlərlə insanın həyatını xilas edən təhlükəsizlik kəmərindən istifadə olunmasına etiraz edənə, demək olar, rast gəlmədik. Qalır qanunlara riayət etmək. Çünki sükan təkcə nəqliyyat vasitəsini idarə etmir, digər hərəkət iştirakçılarının həyatı da həmin sükandan asılıdır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR