ABŞ Rəqqa əməliyyatında kürdlərin yardımından imtina edə bilər

ABŞ Suriyada İŞİD-lə mübarizə strategiyasını kökündən dəyişə bilər. APA TV-nin məlumatına görə, bu iddianı "The Washington Post" qəzeti irəli sürüb.

 

Qəzetin ABŞ rəsmilərinə istinadən yazdığına görə, yeni strategiyaya uğun olaraq rəsmi Vaşinqton bundan sonra dinc müxalifətin dəstəklənməsi, eləcə də İŞİD-lə mübarizədə Suriya kürdlərinin yardımından imtina etməyi düşünür.

 

Nəşri məlumatlandıran mənbə ABŞ-ın bundan sonra İŞİD qruplaşması ilə mübarizəyə daha çox diqqət ayıracağı, Suriyadakı vətəndaş müharibəsi, o cümlədən ölkədə demokratiyanın inkişafına istiqamətlənməyəcəyini qeyd edib.

 

Hələ bir müddət öncə ABŞ və Türkiyə prezidentləri Əl-Bab və Rəqqa şəhərlərində İŞİD-lə mübarizənin daha da gücləndirilməsi, Suriyada təhlükəsizlik zonasının yaradılması, eləcə də qaçqın böhranını müzakirə ediblər. Eyni zamanda Rəcəb Tayyip Ərdoğan həmkarını Suriya özünümüdafiə qüvvələrinin dəstəklənməsinə son qoymağa çağırıb.

 

Ağ Evin məlumatına görə, telefon söhbəti zamanı müzakirə olunan təkliflər Suriyada təhlükəsizlik zonaları yaradılması təklifi ilə çıxış edən Tramp Administrasiyası üçün siyasi baxımdan sərfəlidir. Analoji yanaşma eyni zamanda Suriya məsələsində Rusiya ilə əməkdaşlıq baxımından yeni səhifənin açılması kimi də qiymətləndirilir.

 

Pentaqonun rəsmi statistikasına görə, hazırda Suriya ərazisində 500 nəfərə yaxın Amerikan xüsusi təyinatlısı, eləcə də hərbi müşavirlər xidmət edir.

 

Qeyd edək ki, bir qədər əvvəl prezident Donald Tramp fevralın sonunadək İŞİD-lə mübarizə üzrə yeni plan hazırlanmasını tapşırıb. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR