Prezident: "Azərbaycanın qaz potensialı yalnız “Şahdəniz”lə məhdudlaşmır"

Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. APA TV xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak və çıxış edib.

 

Prezident İlham Əliyev tədbirdə müxtəlif ölkələrdən mötəbər qonaqların iştirak etdiyini deyərək Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirib. “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”, - deyən dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının gələcək əlaqələr üçün də çox vacib amil olduğunu diqqətə çatdırıb.

 

Cənub Qaz Dəhlizinin icrasında “Şahdəniz” qaz yatağının əhəmiyyətini vurğulayan, bu yatağın verdiyi imkanların Azərbaycanın özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanıtmasında mühüm rol oynadığını deyən dövlət başçısı çıxışında layihə üzrə regional əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd edib, uzun illər ərzində Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən icra olunan enerji dəhlizlərini buna misal çəkib.

 

Cənub Qaz Dəhlizinin həyata keçirilməsində bir neçə il öncə Azərbaycanla Türkiyə arasında TANAP layihəsinin icrasına dair imzalanan sazişin, həmçinin Transadriatik boru kəməri layihəsinin əhəmiyyətini vurğulayan prezident İlham Əliyev bu cür toplantıların layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində xüsusi rol oynadığını diqqətə çatdırıb. Ötənilki görüşdən sonra bir çox irəliləyişlərin olduğunu, “Şahdəniz-2” layihəsinin 90 faiz səviyyəsində həyata keçirildiyini, TANAP və TAP layihələrində də mühüm uğurların müşahidə edildiyini deyən prezident İlham Əliyev Azərbaycanın “Abşeron” qaz yatağının işlənilməsinə başladığını, bunun da ölkəmizin qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərdiyini deyib.

 

XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini vurğulayan dövlət başçısı Avropa maliyyə təşkilatlarının da layihənin icrasında yaxından iştirak etməsinin əhəmiyyətli olacağını bildirib. “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir”, - deyən prezident İlham Əliyev bu sahədə mövcud beynəlxalq əməkdaşlığı qarşılıqlı etimadın nümunəsi adlandırıb və konfransın işinə uğurlar arzulayıb.

 

Azərbaycanın energetika naziri Natiq Əliyev prezident İlham Əliyevin təlimat və tövsiyələrinin “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında mühüm rol oynadığını, bu cür toplantıların layihə üzrə həll variantlarını tapmağa imkan verdiyini deyib.

 

“Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır və onun Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq”, - deyən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğulayıb, layihənin vaxtında icra olunacağına əminliyini ifadə edib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR