Xocalıya qəhrəman şəhər statusu veriləcək

İradə Cəfərova qucağında 2 azyaşlı övladı ilə Xocalı hadisələrinin dəhşətini öz gözləri ilə görüb. Fevralı 26-sı axşam saatlarında Xocalı hər tərəfdən mühasirəyə alınanda ailəsi ilə iki gün meşələrdə gizlənməli olub. Amma ermənilərdən xilas ola bilməyib girov düşürlər. Ailəsi ilə birlikdə 3 gün girov həyatı yaşayır. İki övladı ilə birlikdə xilas olsa da, həyat yoldaşından o vaxtdan xəbər tuta bilmir: "Avtomatın qundağı ilə hamımızı təhqir elədilər. Döydülər. Dedilər guya Sumqayıtda erməni uşaqları soyuducuya qoyulub, sizin uşaqları da elə edəcəyik. Çox işgəncələr verdilər".

 

Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində İradə Cəfərova kimi həmin anları yaşamış insanlar Şuşa Rayon İcra Hakimiyyətində bir araya gəliblər. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ermənilərin törətdiyi Xocalı soyqırımının heç vaxt unudulmayacağını deyib. Bir neçə ay ermənilərin mühasirəsində qalmış Xocalıya “qəhrəman şəhər” adı düşdüyünü deyən Bayram Səfərov Xocalı işğaldan azad olunduqdan sonra bu statusun veriləcəyini vurğulayıb: "ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkə - Rusiya, ABŞ, Fransa, ümumilikdə bütün xristian dünyası ermənilərin tərəfindədir.  Azərbaycan prezidenti, Azərbaycan ordusu həm müdafiə olunur, həm də hücum edir. Prezidentimiz açıq bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək".

 

Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qeyd edib ki, Xocalı xalqı 25 il əvvəl şərəflə ölməyi üstün tutub və xocalılar öz dərdlərini içində çəkir. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparıldığını deyən icra başçısı əlavə edib ki, vaxt gələcək, haqq öz yerini tapacaq.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR