“Azəravtoyol" ASC-nin kollektivi peşə bayramını qeyd edib

“Azəravtoyol" ASC-nin kollektivi 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

 

APA TV-nin xəbərinə görə, peşə bayramı tədbiri “Azəravtoyol” ASC-nin inzibati binasının akt zalında davam etdirilib.

 

Tədbiri giriş sözü ilə açan Cəmiyyətin sədri Saleh Məmmədov ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayandığını bildirib.

 

Tədbir zamanı qeyd olunub ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir. Bunun bariz nümunəsidir ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına səbəb olmaq məqsədilə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2016-cı il ərzində yol infrastrukturunun yenidən qurulması ilə bağlı ümumilikdə 48 sərəncam imzalanıb. Bu sərəncamlarla nəzərdə tutulan layihələrin icrası 2 mln. nəfər əhalinin yaşadığı 356 yaşayış məntəqəsini birləşdirən 900 km avtomobil yolunu əhatə edir. 2017-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və daha 40 kəndlərarası, qəsəbələrarası avtomobil yollarının tikintisi ilə bağlı sərəncamın verilməsi nəzərdə tutulub. Bu sərəncamlar da öz növbəsində daha 2 mln. nəfərə yaxın əhalinin yaşadığı yaşayış məntəqələrini birləşdirəcək.

 

Sonda "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuş və “Əməkdar mühəndis” fəxri adına layiq görülən şəxsləri bir daha təbrik edib, həmçinin cəmiyyətdə uzunmüddətli, səmərəli əmək fəaliyyəti nəzərə alınaraq bəzi əməkdaşlara fəxri diplom və mükafatlar təqdim edərək onlara iş fəaliyyətində uğurlar arzu edib. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR