Göyçayda qəzalı vəziyyətə düşən binanın sakinləri köçürülür

Göyçay şəhərinin Atatürk küçəsində yerləşən və Təhsil Nazirliyinin balansında olan ikimərtəbəli 18 ailəlik yaşayış binası uzun illərdir qəzalı vəziyyətdədir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, yaşayış üçün yararsız olan bu binaya sakinlər öz istəklərinə uyğun olaraq pərakəndə halda yerləşiblər. Son aylar yağan güclü qar səbəbindən bina daha da qəzalı vəziyyətə düşüb, otaqların divarlarında iri çatlar əmələ gəlib, bir neçə mənzil yaşayış üçün tam yararsız olub.

 

Qəzalı vəziyyətdə olan yaşayış binasının dam örtüyü yağan qarın ağırlığına dözməyərək çöküb və otaqların tavan hissəsində iri çatlar, çökmələr əmələ gəlib.

 

Bina sakinlərinin çətinliyini aradan qaldırmaq üçün Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərlə görüşüb. Səkkiz ailə binadan köçürülərək kirayə tutulan mənzillərə yerləşdirilib. Həmin evlərin aylıq kirayə haqları rayon icra hakimiyyəti tərəfindən ödənilir.

 

Qeyd edək ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edərkən müraciət əsasında bu qəzalı yaşayış binasına da  baxış keçirib və binanın növbəti illərdə yenisi ilə əvəz olunması ilə bağlı göstəriş verib. Hazırda bununla əlaqədar işlər görülür.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR