"Air Arabia" Şarjadan Bakıya uçuşlar yerinə yetirəcək

Birləşmiş Ərəb Əmirliklərinin “Air Arabia” aviaşirkəti mart ayından Şarja-Bakı-Şarja istiqamətində uçuşlara başlayacaq.

 

APA TV xəbər verir ki, bu barədə “Sky Star Travel” turizm şirkətinin yeni layihəsinin təqdimat mərasimində məlumat verilib.

 

Bununla bağlı bu ilin yanvarında “Sky Star Travel” şirkəti ilə “Air Arabia” aviaşirkəti arasında müqavilə imzalanıb.

 

"Air Arabia" şirkətinin meneceri Konstantin Kurilo “Sky Star Travel”in turizm sahəsinin inkişafı istiqamətində təşəbbüslərlə çıxış edərək, maraqlı layihələr həyata keçirdiyini deyib. Qeyd olunub ki, Azərbaycan uğurlu iqtisadi inkişafı və dayanıqlı ictimai-siyasi sabitliyi nəticəsində xarici turistlər və investorlar üçün cəlbedici ölkəyə çevrilib: “Bu ilin martından etibarən "Air Arabia" Şarja-Bakı-Şarja istiqamətində 162 yerlik “Airbus 320” təyyarələri ilə həftədə 4 dəfə olmaqla, mütəmadi uçuşlara başlayacaq”.

 

K.Kurilo bildirib ki, “Air Arabia” şirkəti dünyanın tanınmış və nəhəng aşağı büdcəli aviaşirkətidir. Şirkətin əsas şüarı “Müştərilərin puluna qənaət etmək”dir.

 

Müqaviləyə əsasən, “Sky Star Travel” dünyanın tanınmış aviaşirkəti olan "Air Arabia"nın Azərbaycandakı rəsmi baş satış agenti təyin edilib.

 

Qeyd edək ki, "Air Arabia" Yaxın Şərq, Şimali Afrika, Asiya və Avropa ərazisində fəaliyyət göstərən 120-dən çox marşrut xətti üzrə uçuşlar təşkil edir. Səyahətçilər daxili turizmlə yanaşı, Şarja-Qəbələ, Şarja-Naxçıvan istiqamətlərində birbaşa aviareyslərdən də istifadə edə biləcəklər.

 

“Sky Star Travel” şirkətinin əməliyyat üzrə direktoru Emil Məmmədov bildirib ki, mart ayının ortasından başlayaraq “Air Arabia” şirkəti Şarja-Bakı-Şarja aviareysləri həyata keçirəcək: “İlkin olaraq həftədə 4 reys nəzərdə tutulur. Lakin müştəri sayından asılı olaraq reyslər artırıla bilər”.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR