FHN Akademiyasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Toplantını giriş sözü ilə açan Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov Sovet ordusuna məxsus 366-cı motoatıcı alayın iştirakı ilə erməni qəsbkarları  tərəfindən reallaşdırılmış Xocalı soyqırımını XX əsrin ən böyük faciələrindən biri adlandırıb. O qeyd edib ki, həmin müdhiş hadisə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Xocalıda baş verən qanlı hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb, soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.

 

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya tarixinə qısa ekskurs edərək bildirib ki, qan yaddaşımıza çevrilmiş bu hadisə unudulmamalı, soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.

 

Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev Xocalıda baş vermiş soyqırımı aktının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıb.

 

Milli Məclisin deputatı, professor Elman Nəsirov Xocalı hadisələrinin bütün əlamətlərinə görə beynəlxalq terror aktı olduğunu bildirib.

 

Çıxışlardan sonra tədbir iştirakçıları İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Soyqırım tarixinin dastanı” tamaşasını izləyib.

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR