İlaxır çərşənbələr təqvimi - REPORTAJ

Bütün fəsillər gözəldir. Hər fəslin öz gözəlliyi olduğu kimi, bayramlarımızın da öz özəlliyi var. 

 

Gəlin razılaşaq ki, bu bayramlar içərisində ən əziz olanı, xoş olanı Novruz bayramıdır.

 

Novruz bayramı həm dirilərin, həm də ölülərin bayramıdır.

 

Bu il baharın carçısı, ilin ilk çərşənbəsi bu günə - fevralın 21-nə təsadüf edir. Su çərşənbəsindən sonra fevralın 28-də Od çərşənbəsi, martın 7-də Yel çərşənbəsi, martın 14-də Axır çərşənbə, yaxud Torpaq çərşənbəsi qeyd olunacaq.

 

Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyir ki, hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilib və insanların təsəvvürlərində ilin axır çərşənbələri şəklində formalaşıb.

 

Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar: "Kiçik çilə fevralın 19-da bitir. Bu tarixdən sonra isə Boz ay başlayır. Boz ayın içərisində dörd çərşənbə qeyd edəcəyik. İlk çərşənbə su çərşənbəsidir ki, bu da xalq arasında əzəl və gözəl çərşənbə kimi tanınır. Su çərşənbəsi Novruzun ilk müjdəçisi və qaranquşu hesab olunur".

 

Od çərşənbəsi ilaxır çərşənbələrin ikincisidir. Buna xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “adlı çərşənbə” də deyilir: "Fevralın 28-də isə od çərşənbəsi olacaq. Bununla bağlı çoxlu inanclar var. İnsanlar suya tapındıqları qədər də oda inanırlar. Ta qədim zamanlardan od insanların məişətində çox mühüm vasitələrdən biri olub. Od çərşənbəsində od qalanır, günəşin simvolu olaraq fəsəli və şəkərbura bişirilir".

 

Yel çərşənbəsi ilaxır çərşənbənin üçüncüsüdür. O, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır. İnanca görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət edin və Yel babanı çağırın. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları ağaca toxunsa, diləyin yerinə yetər: "Mart ayının 7-də Yel çərşənbəsi başlayacaq".

 

Torpaq çərşənbəsinə xalq arasında “torpaq - çillə - beçə çərşənbəsi” də deyirlər. Xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə-suri” adları ilə də tanınır.

 

Axır çərşənbə gününün başlıca özəlliyi ondan ibarətdir ki, həmin gün qəbir üstünə gedər, ölülərin ruhuna Müqəddəs Qurani-Kərimdən surələr oxunar, dua edərlər.

 

Türk xalqlarında olan adətlərdən biri odur ki, həmin çərşənbə axşamında tonqal üstündən yeddi dəfə o yan-bu yana atlanırlar. Bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.

 

Bayramın gözəlliyindən biri də baharın gəlişindən qabaq səməni göyərdilməsidir. Həyat, bolluq nişanəsi olan səməni baharın ilk müjdəçisi hesab olunur: "Martın 14-də ilin axır çərşənbəsi başlayır. Azərbaycanın bütün bölgələrində ilaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur. İlaxır çərşənbənin səhəri insanlar bir-birinin qapısını döyür, çərşənbə payı aparır. Küsülülər barışır, nişanlı qızlara xonçalar aparılır".

 

Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramınız mübarək olsun!!!

 

Ən xoş arzularla!

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR