Xarici diplomatlar Şəkiyə səfər ediblər

Azərbaycanda fəaliyyət göstərən 30 diplomatik nümayəndəliyin  əməkdaşları  Şəkiyə səfər edib. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən səfərdə 45 diplomat iştirak edib. Onlar əvvəlcə “Marxal” müalicə-istirahət kompleksi ilə tanış olublar. Keçirilən təqdimatda məlumat verilib ki, son illər Şəkidə müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Müasir mehmanxanalar, otellər, istirahət mərkəzləri inşa edilir, rahat yollar çəkilir, körpülər tikilir. Hazırda rayonda 20-yə yaxın turizm və istirahət mərkəzi fəaliyyət göstərir.

 

Maya Xristova, Bolqarıstanın Azərbaycandakı səfiri: “Bu qədim diyarı seyr edərkən təmsil etdiyim ölkənin Qabrovo şəhərini düşündüm. Bildiyiniz kimi, artıq 10 illərdir ki, Şəki ilə Qabrovo şəhəri qardaşlaşıb. Hər iki şəhər öz səmimiyyəti, qonaqpərvərliyi və baməzə söhbətləri ilə tanınır. Tarixi abidələr, küçə və meydanlar öz qədimliyi ilə qorunub və burada möhtəşəm turizm imkanlarının olduğunun şahidi oldum. İnanıram ki, Bolqarıstanla Azərbaycan arasında bütün sahələrdə davam edən əməkdaşlıq bundan sonrada davam etdiriləcək”

 

Vey Cinxua, Çinin Azərbaycandakı səfiri: “Artıq 7 aya yaxındır ki, Azərbaycanda işləyirəm. Və sevinirəm ki, ilk bölgə səfərinə Şəkidən başladım. Burada tarixi abidələri gəzdik, sənətkarlıq nümunələri ilə tanış olduq. Xüsusilə sənətkarlıq nümunələri xoşuma gəldi. İlk təəssüratıma əsaslanaraq əminliklə demək olar ki, Çin və Azərbaycan dövlətinin iş adamları arasında hər sahə üzrə işbirliyi yaratmaq mümkündür. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Cənubu Qafqazın lider dövlətidir. Bu ilk növbədə sabitlik və iqtisadi inkişaf nəticəsində əldə olunub və əminəm ki, bu liderlik ölkənizə xarici sərmayələrin axınına səbəb olacaq, turizm sektoru inkişaf edəcək”.

 

Səfər proqramına uyğun olaraq daha sonra qonaqlar şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna gəliblər. Qoruğun ərazisində yerləşən, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılıb ki, bu saray XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsidir.

 

Səid Xan Mohmand, Pakistanın ölkəmizdəki səfiri: “Burada olmağa şadam. Şəkiyə ilk dəfədir gəlirəm. Xoş təəssüratlarım var. Xan sarayını gəzərkən ölkəmizdəki qədim tarixi abidələrini və sarayları xatırladım. Bənzərliklər, mədəniyyətlərin oxşarlığında eynilik yetərincədir. Bizə göstərilən səmimiyyət və qonaqpərvərliyə görə hər kəsə minnətdaram”.

 

Sənətkarlar evində qonaqlar şəkili ustaların əl işlərindən ibarət müxtəlif sənət əsərləri ilə tanış olublar. Diplomatlar fevralın 21-də Qax rayonuna səfər edəcəklər

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR