Gənc sərhədçilər and içdi

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra  Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

 

Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf edən andiçmə mərasimində dəhşətli faciəyə siyasi və hüquqi qiymət verilməsi ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi xüsusi olaraq vurğulanıb. Soyqırım hadisəsinin dünya ictimaiy­yətinə çatdırılması istiqamətində Azər­baycan prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirilib.

 

Mərasimdə iştirak edən gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.

 

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR