Xocalı sakini: "25 ildir gözüm yoldadır, ailəmdən xəbər gözləyirəm" - REPORTAJ

"Fevral ayı mənim üçün cəhənnəm əzabıdır. Elə bilirəm onlar darda qalıb kömək istəyir, biz isə kömək edə bilmirik".

 

26 fevral tarixi onun həyatının ən faciəli səhifəsidir. Akif HÜseynov XOcalı faciəsinin canlı şahidlərindəndir. Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Tofiq Hüseynovun qardaşıdır:

 

"Xocalı faciəsi zamanı ən ağır zərbələr alan ailələrdən biri də mənim ailəm olub. Faciə gecəsi ailə üzvlərimin əksəriyyəti itkin düşüb, şəhid olub. Qalanlar azyaşlı uşaqlar, mənim həyat yoldaşım və rəhmətlik qardaşlarımdan birinin həyat yoldaşıdır".

 

Xocalıda vəziyyətin gərginləşdiyini görən Akif müəllimin valideynləri digər nəvələrini də ona həvalə edir. Beləcə, Akif müəllim qardaşlarının övladlarını Ağdama gətirir. Hər iki qardaşı ailəsi və valideynləri ilə birgə Xocalıda qalır:

 

"Mən Xocalıda doğulmuşam. Ailədə üç qardaş olmuşuq. 1987-ci ildə milis məktəbini bitirdikdən sonra təyinatla Ağdam Rayon Daxili İşlər Şöbəsinə sahə müvəkkili təyin olunmuşam. Xidməti işimlə bağlı Xocalıda yaşayıb Ağdamda işləmişəm".

 

Akif müəllim deyir ki, 1991-ci ildə Müdafiə Nazirliyi tərəfindən yaradılan ilk batalyonlardan biri  məhz Xocalı batalyonu olur. Həmin batalyona Akif müəllimin qardaşı Tofiq Hüseynov komandir təyin edilir. Əməliyyatlarda göstərdiyi şücaətə görə Tofiq Hüseynova mayor rütbəsi verilir. Akif müəllimin  kiçik qardaşı  Bakir Hüseynov isə Xocalı batalyonunda rabitə hissəsinin rəisi olub:

 

"Xocalı işğal olunandan sonra həmin ailə üzvlərimdən heç birini görmədim. Yalnız bir ay gözlədikdən sonra uzun sürən danışıqlar aparıldı erməni tərəfi ilə. Milli Qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə Tofiq Hüseynovun cəsədini ala bildik. Bakıda Şəhidlər Xiyabanında dəfn etdik. Bu gün qədər də baxmayaraq ki, dövlət səviyyəsində də axtarışlar aparıldı, heç bir axtarış heç bir nəticə vermədi. Yəni ailəmin öldüsündən, qaldısından 25 ildir xəbər yoxdur".

 

Akif  Hüseynov əmindir ki, onun atası, anası və digər ailə üzvləri düşmənə təslim olub əsir düşməz:

 

"Ailəliklə bir yerdə olanda həmişə deyərdilər ki, Akif, bizdən nigaran qalma, biz əsir düşmərik. Qardaşım bir patronu cibində həmişə ayrı saxlayırdı. Deyərdi bu, özüm üçündür. Onun son döyüşü Əsgəranın Kətik dağında olub. İki gün mühasirədə saxlayıblar. Patronu bitib, soyuq da öz işini görüb. Təslim olmamaq üçün əlindəki qumbaranı partladıb, özü də ölüb, yaxınları da".

 

Akif müəllim deyir ki, ömrünün son gününədək bu günə kimi də xəbər almadığı qardaşı  Bakirin yolunu gözləyəcək:

 

"Gözüm yoldadır, arzu edirəm heç olmazsa Bakirdən bir xəbər olsun".

 

Xocalıda ermənilərin ağlasığmaz vəhşiliklər törətdiyini gözləri ilə görən həmsöhbətimiz deyir  ki, ermənilər gəlinləri Məxmər xanımı və onun digər əzizlərini, hətta körpələri belə qəddarcasına qətlə yetiriblər.

 

Bütün yaşananlardan, ağır itkilərdən sonra Akif müəllim öz övladları ilə birgə hər iki valideynini itirmiş qardaşı balalarını da özü böyüdür. Ali təhsil verir, toylarını edir. İndi Akif müəllimin altı nəvəsi var. İki dəfə ağır ürək əməliyyatı keçirməsinə baxmayaraq, Xocalıya qayıdacağı günün səbirsizliklə gözləyir:

 

"Ən böyük arzum odur ki, övladlarımla, nəvələrimlə birgə Xocalıya qayıdım. Xocalını onlara şəkillərdən göstərim. Göstərim ki, Xocalı budur. Heç olmasa babalarının, əzizlərinin sındırılmış baş daşlarını gedib görə bilələr".

 

Gözü yolda, qulağı səsdə olan Akif Hüseynovla söhbətimizi bu ülvi arzu ilə yekunlaşdırdıq. Arzuların çarmıxa çəkildiyi Qarabağda, Xocalıda görüşmək diləyi ilə....

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR