Neft həftəni 1 dollar zərərlə başa vurdu

Birjalarda həftənin son hərraclarında neftin yekun qiyməti müəyyənləşib. Ötən şənbə həftəni 56,70 dollarla başa vurmuş "Brent" nefti bir həftə ərzində 1 dollar dəyər itirib. Gecə saatlarında keçirilən son seanslarda "Brent" neftinin bir bareli 55,73 dollardan satılıb.

 

Qərbi Texas nefti də ötən həftəyə nisbətən ucuzlaşıb. Fevralın 11-də keçirilən son seanslarda WTİ neftinin bir bareli 53,86 dollardan satılmışdısa, bu həftənin son qiyməti 53,38 dollar olub. Bununla da Qərbi Texas nefti həftə ərzində təxminən 50 sent dəyər itirib.

 

İki marka arasında fərqin 2,35 dollara enməsi göstərir ki, qiymətlərin ucuzlaşmasına ABŞ-dan qaynaqlanan faktorlar təsir göstərir. 2017-ci ildə ABŞ-ın neft ehtiyatlarının həcminə dair həftəlik hesabatlar qiymətləri ucuzlaşdırmasa da, bahalaşmağa da qoymurdu. Bu həftədən etibarən isə şist nefti faktoru qiymətlərin müəyyənləşməsində OPEK razılaşması amilini sıxışdırmağa başlayıb. Gələn həftə OPEK rəsmilərindən bazarı canlandıracaq açıqlamalar gəlməsə, çərşənbə axşamından başlayaraq neftin yenidən ucuzlaşmağa başlayacağını gözləmək olar.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR