Cənub bölgəsi qar altında: 50 kənd işıqsız qalıb

Cənub bölgəsinə güclü qar yağıb, dağ kəndlərinə gedən yollar bağlanıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, ən çox qar Lerikdə müşahidə olunur. Hazırda mərkəzdə 70-80 sm, ucqar ərazilərdə 1 metrdən artıq qar düşüb. Dağ kəndlərinə gedən əksər yollar tamamilə bağlanıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, əraziyə ağır texnikalar cəlb olunub və Lənkəran-Lerik yolunun açılması istiqamətində işlər gedir. Ərazidə üç texnika çalışsa da, rəsmilər bu texnikaların kifayət etmədiyini deyirlər. Bir tərəfdən açılan yollar güclü qar səbəbindən qısa müddət ərzində yenidən bağlanır. Rəsmilər sürücüləri imkan daxilində avtomobillərdən az istifadə etməyə çağırır.

 

Yardımlı rayonunda dağ kəndlərinin elektrik enerjisi təminatında problemlər yaranıb, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Enerji sarıdan ən böyük problem Lənkəran və Astara rayonlarında yaşanır. Astarada hazırda 50-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb.

 

Hazırda aidiyyəti qurumlar işıq təsərrüfatında yaranan problemləri aradan qaldırmaq üçün səfərbər olublar. Rabitə təsərrüfatına da ciddi ziyan dəyib. Lənkəranda rayon mərkəzində qarın qalınlığı isə 30 sm-dən, dağlıq ərazidə isə 70 santimetrdən artıqdır.

 

Hazırda Lənkəran və Astarada 3 dərəcə, Lerikdə rayon mərkəzində 8 dərəcə, ucqar dağlıq ərazilərdə isə 12 dərəcə şaxta müşahidə olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR