Milli Məclis rəhbərliyi ilə media kapitanlarının görüşü keçirilib
“Parlamentin bəzi deputatları, komitə üzvləri əsas verməsə, jurnalistlər heç zaman onları tənqid etməzlər. Sağlam tənqiddən qaçmaq lazım deyil. Əgər Milli Məclisdə hər hansı qanun layihəsi müzakirə və ya qəbul olunursa, bu məsələlərin ictimaiyyətə çatdırılması hər zaman mətbuatın diqqətindədir. Ona görə belə məqamlarda xahiş edirəm, bəzi deputatlara, komitə və parlamentlərarası dostluq qruplarının üzvlərinə çatdırın ki, sağlam fəaliyyət göstərən jurnalistlərdən qorxmasınlar”.
APA TV-nin məlumatına görə, bu fikirləri “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Milli Məclis rəhbərliyinin baş redaktorlarla görüşündə səsləndirib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da media-parlament münasibətlərində yaranan gərginliyə bəzən bir sıra millət vəkillərinin özlərinin rəvac verdiyini bildirib. Rauf Arifoğlu çıxışında parlamentdə jurnalistlər üçün yaradılan şəraitdən razı olsa da, telefonların alınmasından narahat olduğunu deyib: “Bu, məlumatların yayımlanmasında operativliyə mane olur. Ürəyimiz və könlümüz istər ki, dəstək eyni zamanda elektron mediaya verilsin. Çünki elektron media ilə anındaca sərhədə çıxmaq mümkündür. Müxtəlif dillərdə Azərbaycan həqiqətlərini dünyaya vaxtında çatdıra bilərik. Çünki o həqiqətlər bizim üçün həyati məsələdir”.
Görüşdə çıxış edən digər media rəhbərləri də media-parlament münasibətlərinin hansı formada həllinin tapması, eyni zamanda, medianın üzləşdiyi problem və onun həlli haqqında öz fikirlərini səsləndiriblər.
Milli Məclisin (MM) sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşıda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, ən çətin anlarda proseslərin önünə keçməyi bacarıb: “Azərbaycan inkişaf edən bir ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox nailiyyətlər əldə edib və bu nailiyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayıb”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının inkişafında, milli təfəkkürünün inkişafında, milli mənliyinin meydana gəlməsində mətbuatın kifayət qədər rolu olub: “Bu gün əsas fikrimiz tanışlıqdır. Amma xahiş edirəm ki, biz bu görüşün statusunu aşağı salmayaq. Bu sayda media rəhbəri ilk dəfədir parlamentə toplaşıb. Məqsəd ölkə mediasının parlamentin işində, qanunvericilik bazasının hazırlanmasında daha yaxından iştirak etməsidir”.
Qeyd edək ki, görüşdə B.Muradova və Ə.Amaşovla yanaşı, MM Aparatının rəhbəri Səfa Mirzəyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı