XİN başçıları görüşdü, həmsədrlər qondarma "referendum"la bağlı bəyanat verdi

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və onun erməni həmkarı Edvard Nalbandyan arasında Münhendə görüş baş tutub. APA TV-nin məlumatına görə, 

görüş ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilib.

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Münhendə keçirilən təkbətək və birgə görüşün yekunlarına dair bəyanat yayıblar. 

 

Bəyanatda münaqişənin dinc yolla həllinə alternativin olmadığı bir daha qeyd olunur, tərəflər təmkinliyə, əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırılır. Həmsədrlər tərəfləri hərbi əməliyyatlara son qoyulmasının əsasını təşkil edən atəşkəsə dair 1994/95-ci il tarixli razılaşmalara riayət etməyə dəvət edir.     

  
Həmsədrlər bir daha vurğulayıblar ki, Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır.

 

Buna görə də həmsədrlər 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmir, nəticələrin heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirməyəcəyini bildirirlər.

 

Həmsədrlər cari ilin mart ayında regiona səfər etməyi planlaşdırırlar. 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR