Səfirlər və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıda - REPORTAJ
Bu gün ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatlarının rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, diplomatlar ermənilərin cəmi 4 ay sürən işğal zamanı kəndi necə talan edib xarabalığa çevirməsinin şahidi olublar.
55 nəfərdən ibarət nümayəndə heyətini baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşayiət edib. Qonaqlar işğaldan azad olunan yaşayış məntəqəsində ANAMA-nın təmizləmə işləri və əraziyə cəlb olunan tikinti şirkətlərinin yenidənqurma işləri ilə tanış olublar.
Baş nazirin müavini dəvət etdikləri səfirlik və beynəlxalq təşkilatlardan səfərdə cəmi 5-6 təşkilatın iştirak etmədiyini deyib və onları qınadığını dilə gətirib: "Ölkə prezidentinin tapşırığı ilə bütün səfirliklər burdadır. 5-6 səfir gələ bilməyib. Onların bəzisi üzrlü səbəbdən gəlməyib bura. Lakin Amerika səfiri gəlməyib, bir də Qızıl Xaç gəlməyib. Mən təəssüf hissi keçirirəm. Amerika səfiri ölkədədir. Qızıl Xaç Komitəsi belə izah edib ki, guya nizamnaməsinə görə onlar belə tədbirlərdə iştirak edə bilmirlər. Mən inanmıram belə nizamnaməyə. Halbuki onlar dəfələrlə bizə müraciət edir cəbhə xəttinə getmək üçün. Biz bəzən icazə veririk, bəzən yox. Amma onlar həmişə cəbhə xəttində olmaq istəyirlər".
Əli Həsənov səfərin məqsədini də açıqlayıb: "Cənab prezidentin məqsədi bu idi ki, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlar, Avropa Şurası, Avropa İttifaqı, ATƏT nümayəndələri öz gözləri ilə görsün ki, ermənilər 4 ay işğalda olan bir yaşayış məntəqəsini hansı hala salıblar. ATƏT-in fakt araşdırıcı missiyası da bunu təsdiqlədi. Amma bir o var ki, kağız üzərində ola, bir də var ki gözləri ilə görə".
Cəbrayılın Azərbaycan Ordusunun nəzarətində olan yeganə yaşayış məntəqəsinə gələn nümayəndə heyəti 23 ildir burada yaşayan yeganə rayon sakini Oktay Həziyevin ailəsinə baş çəkiblər.
Baş nazirin müavini jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda ölkə başçısının tapşırığı ilə Cocuq Mərcanlıda 50 mənzillik evin inşasına başlanacaq. Amma bu rəqəm qısa müddətdə 200-ə çatacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı