İvanovkada çovğun: İsmayıllı-Göyçay yolu qarla örtüldü

Güclü külək İsmayıllı rayonunun bəzi kəndlərində fəsadlara səbəb olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, külək dağlara yağan qarı İsmayıllı-İvanovka-Göyçay avtomobil yoluna sovurduğundan avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.

 

Bu gün saat 12:00 radələrindən başlayaraq 3 saat ərzində İsmayıllının İvanovka, Soltankənd və Hacıhətəmli kəndlərində çovğun müşahidə olunub. Qısa vaxtda İsmayıllı-İvanovka-Göyçay yolu 40-50 santimetr hündürlüyündə qarla örtülərək buz bağladığı üçün avtomobillərin hərəkəti dayanıb. Ümumilikdə 100-ə yaxın avtomobil 2 saatdan çox ərazidə qalaraq yolun açılmasını gözləyib. Qəflətən çovğuna düşən 10-a yaxın sürücü isə avtomobilin şüşələri qarla örtüldüyünə görə yolu görməyib və idarəetmənin itməsi nəticəsində avtomobillər yolun kənardakı taxıl sahəsinə düşüb. Bəzi avtomobillər qar və palçığın içində bataraq qalıb. Avtomobildəki sərnişinlər, o cümlədən azyaşlı uşaqlar yolun açılmasını gözləmək məcburiyyətində qalıblar.

 

İsmayıllı rayon Yol İstismar İdarəsinin ağır texnikaları nəqliyyatın hərəkətinin bərpası üçün əraziyə cəlb edilib. Yerli sakinlər hər il fevral ayında dağlıq ərazidən keçən bu yolun çovğun və qar səbəbindən bir neçə dəfə bağlandığını deyirlər. Güclü külək səbəbindən İvanovka və ətraf kəndlərdə bir neçə ağac aşıb, köhnə tikililərin dam örtüyü uçub, elektrik naqilləri qırılıb, əhalinin enerji ilə təminatında çətinliklər yaranıb.

 

Kənd sakini Dilqəm Əliyev hadisəni belə təsvir edib: “Avtomobillə şəhərdən kəndə gedirdik. Qəflətən tufana düşdük, külək maşını qarla örtülmüş yolda oynatdı, idarəetməni itirdim və avtomobilim yoldan çıxaraq taxıl sahəsinə düşdü. İki saatdır qalmışıq yolda, getməyə yer yoxdur. Yol bağlıdır. Hər yerdə qalın qar örtüyü var. Çətinliklə üzləşmişik”.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR