FES rəhbəri: "Yaxın vaxtlarda uçot dərəcələri artırılmalıdır"

FES-in rəhbəri Canet Yellen hesab edir ki, uçot dərəcəsinin artırılması məsələsini ləngitmək sadəlövhlük olardı.

 

APA TV-nin məlumatına görə, çərşənbə axşamı ABŞ Konqresindəki çıxışında o, qurumun növbəti iclaslarından birində uçot dərəcəsinin artırıla biləcəyini istisna etməyib.

 

Bununla yanaşı, Yellen ABŞ-ın yeni administrasiyasının iqtisadi siyasəti ətrafında qeyri-müəyyən vəziyyətin mövcudluğunu da qeyd edib.

 

C.Yellenin fikrincə, indiki vəziyyətdə rəhbərlik etdiyi qurumun gündəmdən kənarda qalması və uçot dərəcəsinin artırılmasını ləngitməsi kəskin iqtisadi geriliyin yaranması ilə nəticələnəcək.

 

C.Yellen FES-in ötən ilin dekabrında elan etdiyi planlara müvafiq olaraq ABŞ iqtisadiyyatının uçot dərəcələrinin artırılmasına rəvac verib-verməyəcəyi ilə bağlı mövqeyini dəqiqləşdirmədiyini deyib və cari il ərzində ilk dəfə uçot dərəcəsinin mart, yaxud iyul aylarındakı iclaslar zamanı artırılacağı ehtimalına da aydınlıq gətirməyib.

 

Bu, Yellenin respublikaçıların Konqresin hər iki palatası, habelə Ağ Evdə üstünlük qazanmasından sonra ilk çıxışı olub. Eyni zamanda sözügedən çıxış qurumun rəhbərinin yeni administrasiyanın ABŞ iqtisadiyyatının hansı məcrada inkişaf edəcəyi ilə bağlı FES-də qeyri-müəyyənliyin mövcud olduğunu da ortaya qoyub.

 

İlk növbədə C.Yellen hesab edir ki, fiksal və iqtisadi siyasətin digər istiqamətlərindəki dəyişikliklər iqtisadi sferadakı proqnozlara təsirsiz ötüşməyəcək. Çünki hər şeydən əvvəl ABŞ-ın siyasətində hansı dəyişikliklərin olacağı, habelə bu dəyişikliklərin iqtisadiyyata necə təsir göstərəcəyi naməlum olaraq qalır.

 

Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp maliyyə sahəsindəki qanuni məhdudiyyətlərin qismən aradan götürəcəyini vəd edib. Lakin bu sahədə mümkün dəyişikliklərin detalları açıqlanmayıb. Eyni zamanda vergilərin azaldılma həcmi məlum olmasa da, infrastruktura vergi tətbiqinin inflyasiyanı daha da sürətləndirəcəyi ehtimal olunur.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR